Tural Sadıqlının əmisinə hökm oxundu

Sizin brauzer HTML5-i dəstəkləmir

Xaricdəki 7 bloqer haqqında həbs qərarı: 'Onlarda psixoloji gərginlik yaratmaq istəyirlər'

Bloqer Tural Sadıqlının əmisi Elmir Sadıqova 2 il 6 ay həbs cəzası kəsilib. Oktyabrın 1-də Sabunçu rayon Məhkəməsində hakim Samirə Məmmədli belə hökm verib.

E.Sadıqov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsiylə təqsirli bilinib.

E.Sadıqov apreldə saxlanıb. İttihama görə, onun maşınından əl qumbarası tapılıb.

Qardaşı Əlövsət Sadıqlı onun təqsirsiz olduğunu, məhkəmə prosesinin ədalətsiz keçirildiyini bildirib. Onun sözlərinə görə, qardaşının müdafiə hüququ pozulub, iş üçün önəmli heç bir vəsatəti təmin edilməyib. Hökmdən öncə onun son sözünü demək hüququ da məhdudlaşdırılıb.

E.Sadıqov haqqında hökmdən apellyasiya şikayəti veriləcək.

Hazırda xaricdə yaşayan T.Sadıqlı əmisinin ondan qisas almaq məqsədilə və şifarişlə həbs olunduğunu deyir. Hökumət təmsilçiləri, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları qəbul etmir, həbsdəki ictimai-siyasi fəalların konkret əməllərinə görə cəzalandırıldıqlarını söyləyirlər.

Hakimiyyəti sərt tənqidləriylə diqqət çəkir

T.Sadıqlı hakimiyyətin ünvanına sərt tənqidləri ilə tanınır. Son illər Azərbaycanda onun yaxınları bir neçə dəfə saxlanılıblar. Qardaşı Elgiz Sadıqlı da narkotik və polisin qanuni tələbini yerinə yetirməməkdə təqsirləndirilərək həbs edilmişdi. Onların hamısı baş verənləri T.Sadıqlının fəaliyyəti ilə əlaqələndirsə də, hüquq-mühafizə orqanları bu barədə deyilənləri qəbul etməyib.

Bu ilin mart-aprel aylarında Baş Prokurorluğun təqdimatı əsasında xaricdəki bir sıra bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb. Mayın 31-də Binəqədi rayon Məhkəməsi T.Sadıqlı haqqında da belə bir qərar verib. Dələduzluq, kütləvi iğtişaşlara çağırış, saxta sənəd hazırlama kimi əməllərdə suçlanan T.Sadıqlı bütün bunları şər-böhtan adlandırır.