Netanyahu Trampın Qəzza planına dəstək bildirib, HƏMAS-ın mövqeyi sual altındadır

Benyamin Netanyahu və Donald Tramp

Sentyabrın 29-da ABŞ prezidenti Donald Tramp Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Tramp yanvarda ikinci dönəm prezidentliyə başlayandan Netanyahu dördüncü dəfədir Vaşinqtona səfər edir.

"Reuters" yazır ki, B.Netanyahu ABŞ-nin görüşdən öncə açıqladığı, Qəzzada təxminən iki ildir davam edən müharibəyə son qoymağı hədəfləyən sülh təklifini dəstəkləyib. Amma ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşmasının bu planı qəbul edib-etməyəcəyi sual altındadır.

Netanyahu ilə görüşdən sonra birgə mətbuat konfransında Tramp deyib ki, onlar Fələstin anklavı üçün çətin əldə olunan sülh razılaşmasına "xeyli yaxın" məsafəyə çatıblar. Amma o, HƏMAS-a xəbərdarlıq edib ki, təklifi rədd etsələr, İsrailin lazımlı saydığı istənilən addımı ABŞ tam dəstəkləyəcək.

20 bəndlik sənəd

Ağ evin yaydığı 20 bəndlik sənəddə dərhal atəşkəsin elan olunması, HƏMAS-ın əlindəki girovların İsraildə olan fələstinli məhbuslarla dəyişdirilməsi, İsrailin Qəzzadan mərhələli çıxması, HƏMAS-ın tərksilahı, beynəlxalq qurumun rəhbərliyi ilə keçid hökumətinin yaradılması təklif olunur.

Tramp administrasiyası ilə İsrailin bütün ziddiyyətləri yoluna qoyub-qoymadığı bəlli deyil. Buraya gələcəkdə Fələstin dövlətinin yaradılması da daxildir ki. Netanyahu bunu qətiyyətlə rədd etmişdi.

Netanyahu deyib ki, Qəzzadakı müharibəni bitirməyi hədəfləyən planı dəstəkləyir, "çünki bu plan bizim müharibə məqsədlərimizə uyğundur".

"Bu plan sayəsində bütün girovlarımız İsrailə qaytarılacaq, HƏMAS-ın hərbi imkanları aradan qalxacaq, siyasi hakimiyyətinə son veriləcək, Qəzza bir daha İsrailə təhdid yaratmayacaq", – o bildirib.

Buna da bax: HƏMAS Qəzzada hakimiyyəti təhvil verməyə razılaşdı

HƏMAS-ın mövqeyi necə olacaq

"Reuters" bir məsələnin aydın olduğunu yazır: Trampın sülh təkliflərinin gerçəkləşməsi, əsasən, HƏMAS-ın mövqeyindən asılı olacaq.

Qrupun daha öncə tərksilah təkliflərini rədd etməsi isə planın gerçəkləşəcəyinə şübhələr yaradır.

Ağ evdəki danışıqlardan sonra bir rəsmi bildirib ki, Qətər və Misir sənədi HƏMASA təqdim ediblər. Qruplaşma vasitəçilərə sənədi "yaxşı niyyətlə" nəzərdən keçirəcəyini və sonra cavab verəcəyini deyib.

HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum edərək 1200-cən çox insanı qətlə yetirib, 251 nəfəri girov götürüb Hazırda onun əlindəki 48 girovdan 20-sinin sağ olduğu bildirilir.

İsrailin Qəzzada başlatdığı hücumları nəticəsində 66 mindən çox fələstinli həlak olub, bunu Qəzzanın səhiyyə orqanları bildirir.

Bakı Tramp planını alqışlayır

"Biz ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elan olunmasını alqışlayırıq". Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) sentyabrın 30-da yayılan açıqlamada yer alıb.

"Yalnız dialoq və xoş niyyət vasitəsilə mərkəzində iki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür", - məlumatda vurğulanıb.

+++

Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Qatar, İndoneziya, Türkiyə, Pakistan və Misirin liderləri birgə bəyanat yayaraq Trampın Qəzza planını alqışlayıblar. Onlar sülhün əldə olunmasına dəstək verməyə hazır olduqlarını bildirir, Fələstin dövləti yaradılmasının vacibliyini də qeyd edirlər.

Planda isə bu məsələ İsrail və fələstinlilər arasında danışıqların nəticəsi kimi, uzaq perspektivdə göstərilir.

Fransa və Böyük Britaniya liderləri də Qəzza planını dəstəkləyiblər. Bu ölkələr ABŞ-nin mövqeyinə baxmayaraq, keçən həftə Fələstin dövlətini tanıyıblar.

İspaniya hakimiyyəti də planı dəstəkləyib. İspaniya Qərb ölkələri arasında İsrailin siyasətinə daha tənqidi yanaşır.