Tramp Aİ-yə təklif edib ki, Çinə 100 faizlik tarif qoysun

Çindən yük konteynerləri

ABŞ mediasının məlumatına görə, prezident Donald Tramp Avropa ölkələrinə təklif edib ki, Çin və Hindistandan idxal olunan mallara gömrük rüsumlarını qaldırsınlar. Məqsədin Pekin və Yeni Dehlini Rusiya enerji resurslarının alışını azaltmağa və ya tamamilə dayandırmağa inandırmaq olduğu bildirilir. Prezident Tramp ABŞ-nin də oxşar rüsumları tətbiq edəcəyini deyib.

Məlumatda deyilir ki, D.Tramp təklifi hazırda Vaşinqtonda Tramp administrasiyası ilə sanksiyaları müzakirə edən Avropa İttifaqı nümayəndə heyəti ilə telefon danışığı zamanı səsləndirib. Prezident Tramp iki ölkədən gələn mallara 100 faiz idxal rüsumunun tətbiqi ehtimalından danışıb. "The Financial Times" qəzeti Ağ evdəki mənbəyə istinadla yazdığına görə, prezidentin mövqeyincə, "aydın yanaşma budur ki, çinlilər neft alışını dayandırana qədər təsirli rüsumlar tətbiq edilsin və qüvvədə saxlansın".

Tramp Aİ-yə açıq çağırışlar etməyib. Amma ABŞ administrasiyası Rusiya Ukraynada sülhə razılaşmazsa, ondan enerji resursları alan ölkələrə gömrük rüsumlarının tətbiq oluna biləcəyini dəfələrlə bəyan edib.

Ukrayna baş naziri Yuliya Sviridenko da ABŞ və Avropa nümayəndələrinin görüşündə iştirak edib. O, iştirakçıları Rusiyanı müharibəni aparmağa imkan verən resurslardan məhrum etməkdən ötrü qətiyyətli addımlar atmağa çağırıb.

Avqustun sonunda prezident Tramp Hindistana gömrük rüsumlarını yarıbayarı artıraraq 50 faizə çatdırıb. Çünki Nyu Dehli Rusiya neftinin alışını azaltmaqdan imtina etməyib. Çin mallarının çoxuna isə hələ də 30 faiz rüsum tətbiq olunur. D.Tramp daha öncə Çin mallarına idxal rüsumlarının 145 faizə qaldırılması planını təxirə salıb və Çinlə ticarət danışıqlarını uzadıb.