Tramp: 'Görünür, Hindistan və Rusiyanı itirdik'

Narendra Modi, Vladimir Putin, Si Cinpin

ABŞ prezidenti Donald Tramp sentyabrın 5-də "Truth Social" şəbəkəsində Çin, Hindistan və Rusiya liderlərinin fotosunu yerləşdirərək ona şərh yazıb.

"Görünür, Hindistan və Rusiyanı itirdik. Onlar dərin və qaranlıq Çinin tərəfinə keçiblər. Onlara uzun və çiçəklənən birgə gələcək arzulayıram!", – Tramp yazıb.

Fotonun bugünlərdə Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çəkildiyi görünür. Çin lideri Si Cinpin, Rusiya prezidenti Vladimir Putinlə birlikdə qapıdan çıxır, onların arxasınca Hindistanın baş naziri Narendra Modi gəlir.

Media daha öncə Trampla Modi arasında konflikt olduğunu, Modinin Vaşinqtondan gələn zənglərə cavab vermədiyini yazıb.

ABŞ bu yaxınlarda Hindistana əlavə tariflər tətbiq edib.

Rusiya prezidenti Vladimir Putinlə isə bu yaxınlarda Alyaskada görüşüb, nəticələri "yaxşı" adlandırıb. Amma Tramp Ukrayna müharibəsinin başa çatması yönündə irəliləyişə nail ola bilməyib. Tramp son vaxtlar bir neçə dəfə Putindən məyus olduğunu deyib.

3 sentyabr

Trampdan Çinə mesaj: 'ABŞ-yə qarşı gizli planlar qurarkən...'

ABŞ prezidenti Donald Tramp sentyabrın 3-də Çində keçirilən paradla bağlı yazıb ki, əsas sual orada onun ölkəsinin Çinə dəstəyinin qeyd olunub-olunmayacağıdır. O, İkinci Dünya müharibəsində çoxsaylı amerikalının həyatını itirdiyini vurğulayıb.

"Əsas cavab gözləyən sual budur: görəsən, Çin Xalq Respublikasının prezidenti Si Çinin AZADLIĞINI xarici işğalçıdan qorumaq üçün Birləşmiş Ştatların göstərdiyi böyük dəstəyi və tökülən qanı qeyd edəcəkmi? Çinin Qələbə və Şöhrət uğrundakı mübarizəsində çox sayda amerikalı həyatını itirdi. Ümid edirəm ki, onların qəhrəmanlığı və həyatlarını qurban verməsi anılacaq və xatırlanacaq!", – Tramp "Truth Social" şəbəkəsində yazıb.

Çinli həmkarına gözəl və unudulmaz bir bayram günü arzulayan ABŞ lideri mesajını bu sözlərlə bitirir: "ABŞ-yə qarşı gizli planlar qurarkən Vladimir Putinə və Kim Çen Ina səmimi salamlarımı çatdırın".

ABŞ prezidenti "gizli plan" deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In və bir sıra ölkələrin liderləri sentyabrın 3-də Pekində İkinci Dünya müharibəsinin 80-ci ildönümünə həsr olunmuş parad qatılıblar. Təhlilçilər bu tədbiri Çinin qlobal siyasi arenadakı yerini yenidən formalaşdırmaq, özünü İkinci Dünya müharibəsindəki sonrakı beynəlxalq nizamın qoruyucusu kimi təqdim etmək istəyi kimi yozurlar.