"Reuters"in xəbərinə görə, 19 Nobel mükafatı laureatı ABŞ prezidenti Donald Trampa açıq məktubla müraciət edərək onu 1300 siyasi məhbusun azadlığı üçün Belarus prezidenti Aleksandr Lukaşenkoya təzyiq göstərməyə çağırıb.
Məktubda Lukaşenko ilə telefon danışığında siyasi məhbuslar məsələsini qaldırdığı üçün Trampa təşəkkür edilib və ABŞ prezidentinin bu istiqamətdə daha çox iş görməsi istənilib.
Məktubda vurğulanıb ki, siyasi məhbusların azad olunması yalnız Belarus xalqı üçün ədaləti bərpa etməyəcək, həm də barışıq və dialoqa yol açacaq.
Məktubu imzalayanlar arasında Nobel Sülh Mükafatı laureatı Oskar Arias, ədəbiyyat üzrə laureatlar Svetlana Aleksiyeviç və Herta Müller, həmçinin fizika, kimya, tibb və iqtisadiyyat üzrə 16 laureat var.
Onlar həmçinin ölkədə siyasi motivli təqiblərə son qoymağa çağırıblar ki, Lukaşenko 2020-ci ildə mübahisəli seçkilərlə bağlı küçə etirazlarını yatırdıqdan sonra kütləvi şəkildə xaricə qaçan belarusların geri qayıtması asanlaşsın.
Xatırlatma
Avqustun ortalarında Tramp "Truth Social" şəbəkəsində Lukaşenko ilə söhbəti barədə yazaraq bildirib ki, o, 16 məhbusun azad olunmasına görə Lukaşenkoya təşəkkür edib. Belarus hakimiyyəti iyunda müxalifətçi Sergey Tixanovski, AzadlıqRadiosunun Belarus xidmətinin keçmiş jurnalisti İqor Karney, Minsk Dilçilik Universitetinin keçmiş dosenti Natalya Dulina və bir neçə digər siyasi məhbusu əfv sərəncamı ilə azadlığa buraxıb. Onların əksəriyyəti Litvaya aparılıb.
Tramp həmçinin bildirib ki, uzun illər insan haqlarının pozulmasına və Rusiyanın Ukraynada apardığı müharibəyə verdiyi dəstəyə görə Qərb ölkələrinin boykot etdiyi Lukaşenko ilə görüşü səbirsizliklə gözləyir. Lukaşenko Trampı Minskə səfərə dəvət edib.
Lukaşenko ölkədə siyasi məhbusların mövcudluğunu dansa da, vətəndaşların etirazlara və fərqli düşüncələrə görə təqibi bugünə qədər davam edir.
Buna da bax: Putinlə münasibətləri yaxşılaşdırmaq istəyən Tramp Lukaşenkoya da zəng vurur