Tramp Əfqanıstandakı Baqram bazasını ABŞ-nin nəzarətinə qaytarmaq istəyir

D.Tramp 2019-cu ildə Şükran günü münasibətilə Baqram aerodromuna gözlənilməz səfəri zamanı hərbçilərə müraciət edir.

Kabil Vaşinqtonun tələbi ilə Baqram aviabazasını Vaşinqtonun nəzarətinə qaytarmasa, Əfqanıstanı "pis nəticələr" gözləyir. Belə bir xəbərdarlıqla ABŞ prezidenti Donald Tramp çıxış edib. O, “Truth Social” platformasında yazıb ki, bu bazanı 2001-ci il 11 sentyabr terrorundan sonra amerikalılar inşa ediblər və o, ABŞ-yə qaytarılmalıdır.

Tramp əlavə edib ki, son günlər Vaşinqton bu məsələni Əfqanıstan ilə müzakirə edib. O, bazanın geri alınması üçün hərbi güc tətbiqini istisna etməyib. “Biz bu barədə danışmayacağıq. Əfqanıstan bunu etməsə, atacağım addımı görəcəksiniz”, – o deyib.

Baqram aviabazası ABŞ ordusunun Əfqanıstanda apardığı 20 illik müharibədə əsas dayaq nöqtəsi olub. Bazada fast-fud restoranları, mağazalar və həbsxana kompleksi də yerləşib. 2021-ci ildə ABŞ ordusu Əfqanıstandan çıxandan sonra Baqram da daxil olmaqla digər bazalar, “Taliban” ekstremistlərinin nəzarətinə keçib.

Taliban hakimiyyəti ABŞ-nin bölgəyə qayıtması ehtimalına açıq etiraz bildirib.

Ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-nin Baqramı yenidən tutması faktiki yeni bir hərbi müdaxilə demək olar. Bundan ötrü 10 mindən çox hərbçi və müasir hava hücumundan müdafiə sistemləri tələb olunacaq.

Ekspertlərə görə, bazanın yenidən işə düşməsindən ötrü böyük resurslar, ciddi müdafiə qüvvələri gərəkəcək. Hətta “Taliban” razılaşsa belə, ABŞ qüvvələri Əfqanıstanda mövcud olan “İslam Dövləti” və “Əl-Qaidə” kimi terrorçu qrupların hücumları ilə üzləşə bilər.

Baqram xarici hücumlar qarşısında da zəif duruma düşə bilər. Ekspertlər xüsusilə İranın raket imkanlarını vurğulayırlar. İyunda ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Tehran Qətərdə böyük bir Amerika aviabazasını raketlərlə vurub.

19 sentyabr

Birləşmiş Ştatlar Əfqanıstanda "Taliban" hakimiyyəti altında olan Baqram hərbi bazasını geri qaytarmağa çalışır. Bunu ABŞ prezidenti Donald Tramp deyib və bunu həm ekstremist qruplaşmanın ABŞ-nin yardımına ehtiyacı, həm də bazanın Çinin nüvə silahlarına yaxınlığı ilə izah edib.

"Onu geri almağa çalışırıq, bu, bir qədər sensasiyalı xəbər ola bilər", – Tramp sentyabrın 18-də Londonda Böyük Britaniyanın baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında söyləyib.

Trampın dediyinə görə, "Taliban" rəhbərliyinin onlardan istədikləri şeylər var. Amma bazanı qaytarmaq istəyinin əsas səbəblərindən biri odur ki, "Çin nüvə silahlarını oradan bir saatlıq məsafədə istehsal edir. Yəni, bir çox şeylər baş verir".

Tramp mayda Kabilin 40 kilometrliyində yerləşən bu geniş aviabazanın itirilməsinə görə təəssüfünü bildirmişdi. O, bazanı Çinin ələ keçirdiyini iddia etmişdi.

Tramp, digər rəsmilər bazanı "geri almaq" ifadəsinin arxasında nə durduğunu deməyiblər.

"Taliban" Trampın bu fikirlərini, hələlik, şərh etməyib.

"Taliban" hakimiyyəti ölkədə bir sıra problemlər, təbii fəlakətlər, yoxsulluqla üzləşib. Onlar beynəlxalq ictimaiyyətlə əlaqələri yaxşılaşdırmağa çalışırlar. Amma Rusiyadan başqa "Taliban"la diplomatik münasibətlər quran ölkə yoxdur.

Baqram bazası vaxtilə Əfqanıstanda ən böyük ABŞ hərbi bazası idi. 2021-ci ilin iyulunda ABŞ qoşunları bu ölkədən xaotik şəkildə çıxdı, "Taliban" hakimiyyəti ələ keçirdi. Bundan sonra Baqram da "Taliban"a təhvil verildi.

Bu bazanı 1950-ci illərdə Sovet İttifaqı tikib.

Vaxtilə bu bazada 100 mindən çox ABŞ hərbçisi xidmət edib.