Tramp autizmi parasetamol və vaksinlərə bağlayır, tədqiqatlar əksini göstərir

Donald Tramp

Xülasə

  • ABŞ prezidenti Donald Tramp hamilə qadınlara ağrıkəsici qəbul etməməyi, uşaqların valideynlərinə isə onlara peyvənd vurdurmamağı tövsiyə edib.
  • "Reuters" yazır ki, bu tövsiyə saysız tibbi araşdırmalarla ziddiyyət təşkil edir. "Taylenol"un aktiv inqrediyenti olan parasetamolun hamilə qadınlar üçün təhlükəsiz olduğu sübuta yetirilib.
  • Tədqiqatlar peyvəndlərin də təhlükəsiz olduğunu göstərib. Son 50 ildə əsas vaksinlərin azı 154 milyon həyatı xilas etdiyi açıqlanıb.

ABŞ prezidenti Donald Tramp sentyabrın 22-də deyib ki, autizm uşaqlara vaksin vurulması və qadınların hamilə ikən "Taylenol" (təsiredici maddəsi parasetamoldur) adlı ağrıkəsici qəbul etməsi ilə bağlıdır. Qərbin bir sıra aparıcı nəşrləri bu iddiaların elmi dəlilə əsaslanmadığını yazırlar.

Respublikaçı prezident hamilə qadınlara ağrıkəsici qəbul etməmək, uşaqların valideynlərinə isə onlara peyvənd vurdurmamaq tövsiyəsi verib. Tramp həkim olmadığını da dilə gətirib.

"Reuters" yazır ki, bu tövsiyə saysız tibbi araşdırmalarla ziddiyyət təşkil edir. Axı, "Taylenol"un aktiv inqrediyenti olan parasetamolun hamilə qadınlar üçün təhlükəsiz olduğu sübuta yetirilib.

Prezidentin komandası autizm simptomlarının müalicəsi üçün fol turşusunun bir forması olan leykovorini təklif edib.

Amerika Pediatriya Akademiyası və Amerika Mama-Ginekoloqlar Kolleci də daxil, onlarla tibbi, elmi-tədqiqat və autizm maarifləndirmə qrupları isə prezidentin bu açıqlamasını tənqid edib.

Reaksiyalar

"İstinad edilən məlumatlar "Taylenol"un autizmə səbəb olduğunu, leykovorinin müalicə üsulu olmasını dəstəkləmir. Bu cür iddialar sadəcə qorxu yaradır, sadə cavabı olmayan durumda yalan ümidlər verir", – bunu Autizm üzrə Alimlər Koalisiyası bəyanatında bildirdi.

"Taylenol"un istehsalçısı "Kenvue" şirkəti isə bildirib ki, parasetamolun autizmə səbəb olmadığını müstəqil və sağlam elmi araşdırmalar açıq şəkildə göstərir: "Bunun əksini iddia hər hansı ehtimalı qətiyyətlə rədd edirik".

Tədqiqatçılar "Taylenol" ilə autizm arasında bağlılığa ciddi dəlil olmadığını deyirlər. 2024-cü ildə İsveçdə 2.5 milyona yaxın üzərində araşdırma belə bir əlaqəni üzə çıxara bilməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kaşalata: Autizmli uşaqların günü Azərbaycanda necə keçir?

CNN qeyd edir ki, ekspertlər autizmə çoxsaylı səbəblər göstərirlər. "Taylenol"a əlaqəyə gəlincə, müalicə olunmayan qızdırma da dölə və hamiləyə təhlükə yaradır.

Amerika Pediatriya Akademiyasının prezidenti Susan Kressli autizmin mürəkkəb, xeyli fərqli, daha çox genetikaya bağlı bir durum olduğunu söyləyir: "Autizmin yalnız bir, əsas səbəbi yoxdur. Elə bir dərman da yoxdur ki, bütün autizmli uşaq və yetkinlərin ehtiyaclarını qarşılasın. Fərdi yanaşmalar, inkişafyönlü, davranışsal, təhsil və sosial-əlaqə strategiyaları birləşdirən planlar mühüm nəticələrin əldə olunmasına kömək edə bilər".

Peyvəndlərin təhlükəsiz olması sübuta yetirilib

Tramp peyvəndlərə inandığını da bildirib, birinci prezidentlik dönəmində COVID-19 peyvəndinin hazırlanmasını sürətləndirmək təşəbbüsünə rəhbərlik etdiyini xatırladıb. Bununla belə, o, peyvəndlərdən civənin çıxarılmasına çağırıb. Onu da deyib ki, uşaqlara "hepatit B" peyvəndi 12 yaşına qədər vurulmamalıdır. Amma bu peyvənd adətən doğuşdan sonrakı ilk 24 saat ərzində verilir. Tramp həmçinin qızılca, məxmərək, qulaqdibi (MMR) peyvəndinin üç ayrı dozada verilməsinin daha məqsədəuyğun saydığını deyib.

"Reuters" yazır ki, mətbuat konfransında Trampın yanında səhiyyə naziri, vaksinlərin tənqidçisi Robert Kennedi dayanıb. Tramp vaksinlərlə autizm arasında əlaqəni yenidən araşdırmağa çağırıb. Baxmayaraq ki, bu nəzəriyyə dəfələrlə təkzib olunub.

Tədqiqatlar da peyvəndlərin təhlükəsiz olduğunu göstərib. Son 50 ildə əsas vaksinlərin azı 154 milyon həyatı xilas etdiyi açıqlanıb. Bunu UNICEF-in ABŞ üzrə prezidenti Maykl Nyenhus deyib.

Tədqiqatçılar deyirlər ki, kimyaterapiya alan bəzi xərçəng xəstələrinin müalicəsində istifadə olunan leykovorin çox kiçik sınaqlarda müəyyən ümidverici nəticələr göstərib. Ancaq genişmiqyaslı, təsadüfi seçilmiş klinik sınaqlara ehtiyac var.

"Onun effektiv olmasına dair güclü sübutlar yoxdur. Bəzi araşdırmalar var, amma kiçikmiqyaslıdır, elmi baxımdan keyfiyyətli tədqiqatlar sayılmır. Ona görə də bunu aktiv şəkildə tövsiyə etmirəm", – Texas Universitetindən autizm üzrə tədqiqatçı Odri Brambak bildirib.