Tərtər hadisələri vaxtı ona verilən işgəncələr üzündən sağlamlığını itirmiş keçmiş hərbçi Vasif Ağayev II qrup əlildir. Onun hər iki əli normal hərəkət qabiliyyətini itirib, adi bir dəftəri saxlaya bilmir.
"İnək kimi ayağımdan asıb, boru ilə döyürdülər"
Yevlax sakini olan 32 yaşlı V.Ağayev ona dəymiş maddi ziyanın əvəzi olaraq 53 min, mənəvi ziyana görə isə 300 min manat təzminat tələbiylə məhkəmədə iddia qaldırıb. Ərizəsində göstərib ki, 2016-cı ildə Tərtərdəki N saylı hərbi hissədə 3 illik müqavilə ilə xidmətə başlayıb. 2017-ci ilin mayında Tərtərdə hərbçilərə kütləvi işgəncələr veriləndə qurbanlar sırasında o da olub: "Mayın 6-da postda xidmətdə olarkən postdakı şəxsi heyəti bölüyün dayaq məntəqəsinə düşürməyi tapşırdılar. Rabitə ilə əlaqəyə çıxanı, göstərişi kimin verdiyini bilmirəm. Bizi düşürdülər, bir "Kamaz"a yığıb köhnə hərbi hissə binasına gətirdilər. Orada əl-qolumuzu və gözlərimizi yapışqan lentlə, əski ilə bağlayıb işgəncə verməyə başladılar".
31 gün ərzində müxtəlif formada işgəncələrə məruz qaldığını deyən V.Ağayevin sözlərinə görə, bu müddətdə ayaqlarından asılaraq döyülüb, toka verilib. Onu casusluqda suçlayıb "vətən xaini" adlandırıblar.
"Yerə su töküb, yaş corab geyindirib, bizi toka verirdilər. Damağım tokdan partladı. Bədənimin başqa hissələrinə də tok vermişdilər. İnək kimi ayağımdan asıb, boru ilə döyürdülər. Elə işgəncə verirdilər, sözlə izah etmək mümkün deyil. Ən dəhşətlisi, "vətən xaini" damğası idi. Qohum-qonşunun arasına çıxa bilmirdik...", – V.Ağayevin sözləridir.
O əlavə edib ki, 3 illik müqaviləsi olduğu halda, vaxtından əvvəl xitam verilib və ehtiyata buraxılıb. Nəticədə ona maddi ziyan dəyib. Məhz buna görə maddi ziyanın əvəzi olaraq 53 min manat tələb edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'
10 dəfə az kompensasiya kəsilib, nazirlik narazı qalıb
Lakin Nəsimi rayon Məhkəməsi V.Ağayevə onun istədiyindən təxminən 10 dəfə az kompensasiya kəsib – maddi ziyanın əvəzi olaraq 25 min 295 manat, mənəvi ziyana görə isə 17 min manat. Qərar verilib ki, Maliyyə Nazirliyi bu vəsaiti Tərtər hadisələrində işgəncələrə məruz qalaraq zərər çəkən V.Ağayevə ödəsin.
Lakin Maliyyə Nazirliyi bu qərardan da narazı qalıb və apellyasiya şikayəti verib.
"Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməzdir. Yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması... müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul olunmalıdır", – Maliyyə Nazirliyinin etirazında vurğulanıb.
Ancaq Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.
V.Ağayevin anası Balaxanım Ağayeva AzadlıqRadiosuna bildirib ki, bir tərəfdən övladının sağlamlığının sıradan çıxması, digər tərəfdən də onun "vətən xaini" adlandırılması onlara illərlə əzab verib: "Gecə-gündüz Allaha yalvarırdıq ki, sən bir qapı aç, yaxşı olsun, "vətən xaini" ləkəsi üstündən götürülsün. Başımı divara vurmaqdan gözüm tutuldu...".
V.Ağayev özü də Tərtər olaylarının onun bütün həyatını darmadağın etdiyini vurğulayır. Deyir ki, başına gələnlər həm sağlamlığını əlindən aldı, həm ailəsini dağıtdı. Sağlamlığının 65 faizini itirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Beş-altı qapazvuranı tutublar, sifariş verənlər qalıb qıraqda' – Tərtər işi
Xatırlatma
Tərtərdə 2017-ci ilin mayında əsgər və zabitlərə işgəncələr nəticəsində 11 nəfər həyatını itirib.
2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qalanların özü ilə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də var.
Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Onlara 4 il 10 aydan 9 il 6 ayadək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.
Hökmdən narazı qalan zərərçəkənlər də verilən cəzanı çox yüngül sayırlar. Onların fikrincə, gərəkli araşdırma aparılmayıb, Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanılıblar.
Zərərçəkənlər özəlliklə müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov, sabiq korpus komandiri Hikmət Həsənov, keçmiş hərbi prokuror, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Bu şəxslərin məhkəməyə çağrılıb, heç olmasa, şahid kimi dindirilməsi haqda dəfələrlə vəsatət qaldırılsa da, təmin edilməyib.