Oktyabrın 13-də Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib.
Qərara əsasən, Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min müəyyən edilib.
Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi say həddinə dair təkliflərini hər il avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Bakıda taksi azalacaqmı?
Ekspertlər bu qərarla Bakıda taksilərin azalacağını düşünürlər. Əslində də son illər Bakıda taksilərin sayında azalma müşahidə edilir.
Hələ ötən il iyulun sonlarına yaxın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilmişdi ki, Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı iki dəfə azalıb.
"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək", - nazirlikdən vurğulanmışdı
Son illər Azərbaycanda qanunvericiliyə bir sıra dəyişikliklərdən sonra Bakıda taksilərin sayında azalma, qiymətlərdə isə artım müşahidə edilir.
Xatırlatma
Ötən il martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Nəzərdə tutulan dəyişikliklər həmin il iyulun 1-dən qüvvəyə minib.
Yeni qaydalarda göstərilir ki, taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyənləşdirməyə imkan verən taksometr və ya taksometr funksiyalarını görən proqram təminatlı mobil cihazla təchiz edilməlidir. Taksometrlə yanaşı, taksilərdə POS-terminal tələbi də gətirilib. Həmin vaxtdan başlayaraq taksilərdə nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Taksilərdə quraşdırılması tələb edilən digər bir cihaz da videokameralardır.
Yeni qaydalarda habelə taksi fəaliyyəti göstərəcək avtomobilin istehsal tarixi ilə də bağlı tələblər öz əksini tapmışdı.