Azərbaycanda su bahalaşacaqmı?

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda su kəsintisi narazılıq yaratdı: 'Ceyranbatan, Kürdə nə problem var?'

"Tarif məsələsi bütün kommunal strukturların, təbii inhisarların "ən yaralı" yeridir". Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov II Milli Rəqabət Forumunda deyib.

Ə.Şirinovun sözlərinə görə, onlar Azərbaycanın yaxın qonşuları, xüsusilə Türkiyə və Avropa ölkələrinin təcrübəsini araşdırıblar: "Onların ən çox istifadə etdiyi tarif qaydası diferensiallaşdırılmış tarif qaydasıdır. Bizim sudan səmərəli istifadəyə dair milli su strategiyasında bu bənd var.. Differensiallaşma qiymət artımı anlamına gəlməməlidir. Əsas məqsəd aşağıgəlirli təbəqəni qorumaq və sosial ədaləti təmin etməkdir".

Milli strategiyada nə var?

Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Kubmetr suyun qiyməti kanalizasiya xərcləri də daxil olmaqla, 1 manata yüksəlib. Son illər Bakıda və bölgələrdə su qıtlığı ilə bağlı şikayətlər eşidilir. Həmin şikayətlərin fonunda da suyun yenidən qiymətinin artırılacağı ilə bağlı proqnozlar səslənir.

Ötən ilin sonunda isə Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" qəbul edilib. Sənəddə Azərbaycanda su tariflərinin diferensiallaşdırılacağı bildirilir. Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır.

Müstəqil ekspertlər də vurğulayır ki, bu vaxta qədər hökumət rəsmiləri diferensiallaşdırmadan danışarkən ancaq qiymətləri artırıb.

Diferensiallaşma (ing.-diffennciate) ingilis dilindən tərcümədə "fərqləndirmək" anlamını verir.

Bu il Azərbaycanda həm qazın, həm elektrikin və həm də nəqliyyatın qiymətində artım baş verib.