'Sistema' Solovyovun prodüserinin çınqıl biznesini üzə çıxarıb

Marqarita Jitnitskaya

Marqarita Jitnitskaya Marqo Krjişevskaya kimi tanınır. O, rusiyalı aparıcı Vladimir Solovyovun şoularının prodüseridir, ona maaş da ödəyir. "Sistema" araşdırma layihəsi üzə çıxarıb ki, 2024-cü ilin noyabrından o həm də Rusiyanın şimalında, Kareliyada yerləşən çınqıl istehsalı holdinqinin sahibidir.

Holdinq bir neçə hüquqi şəxsdən ibarətdir, əsas şirkətisə Kareliyanın ən iri beş şirkətindən biridir. Holdinq çınqıldan əlavə, öz yatağında qranit da çıxarır. 2024-cü ildə dövriyyəsi 1,5 milyard rubl (təxminən 16,5 milyon dollar) olub, əsas müştərilərindən biri Rusiya Dəmir Yollarıdır (RJD).

Əvvəlki və indiki sahibləri

Holdinq "Qazprom"un keçmiş baş meneceri Andrey Dmitriyevə bağlı olub. 2023-cü ildə “Qazprombank” bu biznesi 500 milyon rubla (təxminən 6 milyon dollar) alıb. Təxminən həmin dövrdə vergi orqanları holdinqin əvvəlki rəhbərlik dövründə necə işlədiyini yoxlamağa başlayıb və 118 milyon rubl (təxminən 1,3 milyon dollar) vergi və cərimə hesablayıblar.

İndiki sahiblərə gəlincə, 2024-cü ilin noyabrında Kareliya holdinqi "RNM Qrup" adlı şirkətə elə 500 milyon rubl qiymətinə satılıb. Bu məbləği "RNM Qrup" kredit şəklində alıb, çox güman ki, elə Qazprombankdan, çünki holdinqin səhmləri 99,9 faizi banka girov qoyulub.

Solovyova nə dəxli var? "RNM Qrup"un 24% faizi Marqarita Jitnitskayaya məxsusdur. O, həm də şou-biznes və təbliğatdan milyardlar qazanan M-Production şirkətinin sahibidir. M-Production teleaparıcı Vladimir Solovyovun bütün layihələrinin prodüseridir və ona maaş ödəyir.

Jitnitskayanın "RNM Qrup"dakı ortağı iş adamı Vardan Axnazarovdur. Onların birlikdə başqa layihələri də olub. Bundan əlavə, Axnazarovun Rusiya ordusuna iaşə xidməti göstərən "RBE" qrupu ilə də ortaq biznesi var.