SOCAR İsmayıllı rayonunun Xəlilli kəndində 50-yə yaxın adamın çalışdığı badam bağlarının ləğvini tələb edirdi. Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin bu tələblə məhkəmədə qaldırdığı iddia təmin olunub.
Badam bağlarının yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə "Aspiland" MMC-yə məxsusdur. Şirkətin əlində bunu təsdiqləyən mülkiyyət sənədləri var.
SOCAR təmsilçiləri iddia edirlər ki, 40 hektar sahədə salınmış qoz və badam bağlarının bir bölümü "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin mühafizə zonasına düşür. Belə zonalarda ağacların basdırılması qadağandır: "Boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır".
SOCAR vurğulayır ki, işğaldan qurtarılan ərazilərdə təbii qaz təchizatının yaradılması, Gürcüstana ixrac olunacaq qazın həcminin artması perspektivləri qərb istiqamətində qaz-nəql sisteminin yenidən qurulmasını, əsaslı təmir işlərinin aparılmasını tələb edir.
Qarşı tərəf SOCAR-ın tələbini haqsız sayır
Şirkətin nümayəndəsi bildirib ki, ləğvi tələb olunan badam bağları təsərrüfatının indiki bazar dəyəri 10 milyon manatdır: "Bu torpaq sahələrində şirkət təxminən 30 min ədəd badam ağacı əkib, xüsusi suvarma sistemləri quraşdırılıb. Bu şirkət həmin torpaq sahələrini almazdan öncə orada üzüm bağları salınmışdı. O dövrdə də hansısa işlək qaz kəmərinin keçməsi haqda məlumatımız olmayıb. Hazırda şirkətdə 50-yə yaxın insan daimi və mövsümi işlə təmin edilib".
Nümayəndə vurğulayıb ki, bağlar ləğv olunsa, insanlar iş yerini itirəcək, şirkət böyük maliyyə itkisiylə üzləşəcək. Bu, həm də mülkiyyət hüququnun pozulmasıdır. Onun sözlərinə görə, məsələ yalnız qarşılıq razılaşma, o cümlədən kompensasiya ödənilməsi şərtiylə çözülə bilər.
SOCAR həmin şərtlə razılaşmır. Qurumun təmsilçisi bildirib ki, əgər yeni qaz xəttinin çəkilməsindən ötrü torpaq sahəsinin alınmasından söhbət getsəydi, bu halda kompensasiya məsələsi müzakirə mövzusu olardı. İndiki halda isə heç bir kompensasiya ödənilməyəcək.
Məhkəmə İsmayıllı rayonunun Xəlilli kəndində hektarlarla ərazidə illərdir məhsul verən badam ağaclarının çıxarılması barədə Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin iddiasını təmin edib.