2022-ci ildə "Şimal Axını" qaz kəmərlərinə ziyan vuran partlayışlarla əlaqədar İtaliyada bir Ukrayna vətəndaşı saxlanılıb.
Şübhəli şəxs Almaniyanın məxfilik qanunlarına uyğun olaraq alman prokurorları tərəfindən yalnız "Serqiy K." kimi təqdim edilib.
Almaniya federal prokurorluğunun bildirdiyinə görə, o, 2022-ci ilin sentyabrında Danimarkanın Bornholm adası yaxınlığında Baltik dənizinin dibində "Şimal Axını 1" və "Şimal Axını 2" kəmərlərinə partlayıcı qurğular yerləşdirdiyi iddia edilən qrupun üzvü olmaqda ittiham olunur.
Almaniya prokurorluğunun məlumatına görə, Serqiy K. və onun əlbir olduğu şəxslər partlayıcı maddələri Almaniyanın Rostok limanından yola düşən yelkənli yaxta ilə daşıyıblar. Gəmi isə saxta şəxsiyyət sənədlərindən istifadə edilərək yerli şirkətdən icarəyə götürülüb.
Rusiyanın "Qazprom" şirkətinə məxsus olan və Avropanın böyük enerji şirkətləri tərəfindən birgə maliyyələşdirilən "Şimal axını" kəmərləri Moskva ilə münasibətləri gərginləşmiş Ukrayna və Polşa kimi tranzit dövlətlərdən yan keçərək Rusiya qazını birbaşa Almaniyaya çatdırmaq üçün çəkilib.
Qərb hökumətləri əvvəlcə Rusiyanı partlayışlara görə ittiham edib, Moskva isə bu iddiaları rədd edərək əvəzində ABŞ, Britaniya və Ukraynanı günahlandırıb.
"Şimal Axını" layihəsinə sahib olan konsorsiumun tərkibində alman şirkətləri olduğu üçün Almaniyanın istintaq orqanları insidenti araşdırıb. 2024-cü ilin avqustunda alman istintaqçıları ilkin araşdırmanı yekunlaşdıraraq hadisədə Ukrayna vətəndaşı Volodimir Z. adlı şəxsi ittiham edib və onun barəsində rəsmi həbs orderi çıxarılıb.
Partlayışdan sonra yayılan müxtəlif xəbərlərdə Ukrayna əməliyyatçıları ittiham olunub və onların Ukrayna dövlətindən asılı olmayaraq hərəkət etdikləri ehtimal olunub. Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Avqust Hanninq 2024-cü ilin avqustunda "Die Welt" qəzetinə bildirib ki, guya Polşa və Ukrayna prezidentləri arasında hücumla bağlı razılaşma olub. Ancaq Polşa prezidentinin ofisi iddianı təkzib edib. Ukrayna hökuməti də hücumla bağlı məsuliyyət daşımadığını bəyan edib.
Hadisənin baş verdiyi sular Danimarka və İsveçə aid olduğu üçün bu ölkələr də istintaq aparıb, ancaq 2024-cü ildə insidentlə bağlı istintaq işi bağlanıb. Danimarka polisi partlayışların "qaz xətlərinə qarşı qəsdən sabotaj" nəticəsində baş verdiyini bildirib, lakin heç bir şübhəli müəyyən edilməyib və cinayət işini davam etdirmək üçün əsas olmadığı vurğulanıb.