Xülasə
- Sentyabrın 23-də Avropa Parlamentində Saxarov mükafatına namizədlərin adları açıqlanır. Bu gün üç namizəddən ibarət qısa siyahının formalaşması üçün siyasi mübarizə başlayır.
- Namizədliyi göstərilənlər arasında Gürcüstanda və Belarusda həbsdə olan jurnalistlər də var.
- Gürcüstanda həbsdə olan jurnalist Mziya Amaqlobeli kompromis və sürpriz namizəd ola bilər.
Payız həm də güclü siyasi rezonans doğuran mükafatların mövsümüdür. Oktyabrın 10-da Nobel Sülh Mükafatının qalibini açıqlanacaq. Bəzi ölkələr ABŞ prezidenti Donald Trampı namizəd göstərdiyindən gözlər Norveç Nobel Komitəsinə dikiləcək.
Bu payız başqa bir nüfuzlu mükafat da veriləcək: Avropa İttifaqının Saxarov Azad Düşüncə Mükafatı.
AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak yazır ki, ABŞ prezidenti 50 min avro (təxminən 59 min dollar) məbləğində olan mükafata namizəd göstərilməsə də, AzadlıqRadiosunun işıqlandırdığı ərazilərdən çox sayda fərd və təşkilatın namizədliyi irəli sürülüb. Serbiyada tələbə etirazçılar, Budapeştdəki "Qürur yürüşü", polyak-belaruslu jurnalist Andjey Poçobut, gürcüstanlı jurnalist Mziya Amaqlobeli və elə Gürcüstanda demokratiya tələb edən hərəkat da bu sıradadır.
Fələstinli jurnalistlər, bu yaxınlarda ABŞ-də qətlə yetirilmiş mühafizəkar siyasi fəal Çarli Kirk Saxarov mükafatına namizəd kimi irəli sürülüb.
Bu gündən qısa siyahıya görə mübarizə başlayır
Mükafat Avropa Parlamentinin nəzarətindədir. 1988-ci ildə rusiyalı alim və dissident Andrey Saxarovun şərəfinə təsis edilib. Repressiv rejimlər çox vaxt namizədlər və qaliblərlə bağlı Avropa qanunvericilərinə sərt reaksiya verirlər.
Bəzən Saxarov mükafatı qalibləri sonradan Nobel Sülh Mükafatına layiq görülür. Məsələn, pakistanlı təhsil fəalı Malala Yusafzay, konqolu humanitar Deni Mukveqe kimi.
Namizədləri adətən parlamentin müxtəlif siyasi qrupları, yaxud ən azı 40 deputat irəli sürür. Sentyabrın 23-də Avropa Parlamentinin xarici işlər, inkişaf və insan hüquqları komitələrinin birgə iclasında mükafata namizədlər elan olunacaq.
Namizədlik üçün müraciət müddəti keçən həftə başa çatıb, siyasi qruplar artıq öz namizədlərini ictimaiyyətə açıqlayıblar.
Sentyabrın 23-də isə hərə öz namizədini müdafiə edəcək. Üç namizəddən ibarət siyahının formalaşması üçün siyasi mübarizə başlayır.
Qısa siyahı bu il oktyabrın 16-da bilinməlidir. Parlamentin xarici işlər və inkişaf komitələri öz favoritləri üzrə gizli səsvermə keçirəcəklər.
Ən çox dəstəyi toplayan üç namizəd qısa siyahıya salınacaq. Yekun qərar isə oktyabrın 22-nə gözlənilir.
Andjey Poçobut
Belarusdakı jurnalistə verilərsə...
R.Yozvyak məntiqlə mükafatın A.Poçobuta veriləcəyini yazır. Onu parlamentdəki ən böyük qrup olan sağ-mərkəzçi Avropa Xalq Partiyası (EPP) dəstəkləyir. Onun namizədliyini parlamentdə böyüklüyünə görə dördüncü olan Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupu da irəli sürüb. 2024-cü ildə Venesuela müxalifətçiləri Mariya Korina Maçado və Edmundo Qonsalesin namizədliyini də bu iki qrup vermişdi, mükafatı da onlar aldı.
Həmin qruplardan AzadlıqRadiosuna deyiblər ki, Poçobutun mükafatı qazanması onun həbsdən buraxılmasına kömək edə bilər. Özəlliklə də ona görə ki, Aleksandr Lukaşenkonun avtoritar rejimi artıq siyasi məhbusları buraxmağa başlayıb. Belarusda 2020-ci ildə mübahisəli prezident seçkisinin nəticələrinə etiraz edən vətəndaş cəmiyyəti və müxalifət fəaliyyətinə genişmiqyaslı repressiyalar, həbslər aparılıb. Amma Poçobutun namizədliyinin qəbul ediləcəyi dəqiq deyil.
Parlamentdə ikinci ən böyük siyasi qrup olan sol-mərkəzçi Sosialistlər və Demokratların Proqressiv Alyansı (S&D) isə Fələstin Mətbuat Assosiasiyası, Fələstin Qırmızı Aypara Cəmiyyəti və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyindən jurnalistləri və humanitar yardım işçilərini namizəd göstərib.
Daha solçu və nisbətən kiçik Solçular qrupu bir sıra fələstinli jurnalistləri dəstəkləyib.
Bu iki qrup öz uyğun namizədliklərini birləşdirərək bir fələstinli fərdi və ya təşkilatı seçsələr, daha üstün rəqəmlər əldə edə bilərlər.
Sürpriz namizəd
Amma həbsdə olan gürcüstanlı jurnalist M.Amaqlobeli kompromis və sürpriz namizəd ola bilər. Onu müxtəlif siyasi partiyalardan 61 deputat dəstəkləyir. Normalda bu dəstək hətta qısa siyahıya düşməyə də yetməz. Amma məsələ ondadır ki, demək olar, bütün siyasi qruplar, o cümlədən EPP və S&D əvvəlcə onu namizəd göstərməyi düşünüblər, daha sonra başqalarını seçiblər.
R.Yozvyak yazır ki, Amaqlobeli parlamentdə tanınır, ona hörmət edirlər. İndiyədək hələ gürcüstanlı bu mükafatı qazanmayıb və parlament də Tbilisiyə mesaj göndərməkdə maraqlıdır.
Azərbaycandan 2014-cü ildə hüquq müdafiəçisi Leyla Yunus, ötən il isə iqtisadçı professor Qubad İbadoğlu Saxarov mükafatının qısa siyahısına düşüblər.