Paşinyan sülhü pozmaq istəyənlərdən, Sarkisyan hakimiyyəti dəyişməyin yollarından danışıb

Nikol Paşinyan parlamentdə

Xülasə

  • Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyir ki, hakimiyyəti dəyişməyin düzgün və optimal yolu impiçmentdir;
  • Baş nazir Nikol Paşinyan Ermənistanın içində və hüdudlarından kənarda “sülhü pozmaq istəyən” qüvvələrin olduğunu deyib;
  • Xarici işlər naziri Ararat Mirzoyan: "Bizi də blokadadan çıxaracaqlar"

“Hakimiyyəti dəyişmək gündəmimizdə daim olub, bu gün də var”. Bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan sentyabrın 10-da jurnalistlərə deyib. O əlavə edib ki, rəhbəri olduğu Respublika Partiyası (HHK) baş nazir Nikol Paşinyanın impiçment məsələsi ilə bağlı parlament dinləmələri keçirməyi planlaşdırır.

“Bunu etməyin düzgün və optimal yolu hökumətə, baş nazirə etimadsızlıq göstərməkdir, yəni impiçmentdir”, – deyən Sarkisyan Nepal və Fransanı misal çəkib. Nepalda hakimiyyətin zorakılıq və qətl, Fransada isə parlament vasitəsilə dəyişdiyini deyib. “Xalqımıza nə təklif edə bilərik?” – o əlavə edib.

Baş nazir Nikol Paşinyan isə bu gün parlamentdə çıxışında Ermənistanın içində və hüdudlarından kənarda “sülhü pozmaq istəyən” qüvvələrin olduğunu deyib. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ ilə imzalanan sənədlərdən danışan Paşinyan sülhün bərqərar olduğunu vurğulayıb: “Sülh qurulub, bu andan etibarən onu dağıtmaq istəyənlərə baxmayaraq, prosesi möhkəmləndirməliyik”.

Mirzoyan: “Bizi də blokadadan çıxaracaqlar”

Xarici işlər naziri Ararat Mirzoyan isə Ermənistanla Azərbaycanın blokadanı qaldırmaq üzərində işlədiyini deyib. O, parlamentdə hökumətə sual-cavab sessiyası zamanı deyib ki, yaxın gələcəkdə amerikalı tərəfdaşlarla kontaktlar aktivləşəcək, dəmiryolu və Ermənistanda digər infrastrukturlar bağlı texniki şərtlər aydınlaşacaq.

“İnsanlar Azərbaycanın Ermənistan vasitəsilə Naxçıvana çıxış əldə edəcəyindən danışırlar. Amma bizi də eyni dərəcədə, eyni səviyyədə və eyni şərtlərlə blokadadan çıxaracaqlar”, – A.Mirzoyan deyib və blokadanın Azərbaycanla imzalanan prinsiplər əsasında qaldırılacağını əlavə edib.

  • Bu il avqustun 8-də Azərbaycan ilə Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Həmin gün habelə Vaşinqtonda Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
  • Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
  • Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.