10 yaşlı qırğız qızı Rusiyaya buraxmayıblar

Permdə miqrantların uşaqları üçün dərslər.

Xülasə

  • Rusiyada miqrantlar üçün qaydalar sərtləşdirilir.
  • Bu yaxınlarda 10 yaşlı qırğız qızın Rusiyaya girişinə 5 illik qadağa qoyulub. Onun hansısa miqrasiya qaydalarını pozduğu bildirilib.
  • Rusiya məktəblərində oxuyan 3 min 700-dən çox şagird Tacikistana qayıtmağa məcbur olub.

Ayzura bu yaxınlarda 10 yaşlı qızı ilə Qırğızıstandan Rusiyaya, ailəsinin yanına yollanıb. Amma onları Moskvada hava limanından buraxmayıblar.

Təqiblərə görə Ayzura ləqəbindən yararlanan qadın qızı ilə 12 saat hava limanında saxlanılıb. Bəlli olub ki, Rusiyada Orta Asiyadan miqrantlara təzyiq kampaniyası uşaqlardan da yan keçməyib. Son vaxtlar onların çoxu rus məktəblərində oxumaqdan məhrum edilir, ölkəyə girişi yasaqlanır.

Aeroport rəsmiləri Moskvanın Krasnoselski rayonunun Miqrasiya İdarəsinə aid sənəd təqdim ediblər. Orada qızın hansısa miqrasiya qaydalarını pozduğu göstərilib.

Ayzura AzadlıqRadiosunun qırğız xidmətinə danışır ki, qızı birinci sinifdən Moskvada məktəbə gedirmiş. Hava limanından onlara "Sizin uşağınızı buraxmayacağıq" söylənib. "Qızım 10 yaşındadır. Hansi qanunu pozub?", – ana sual edib.

Aeroport əməkdaşları Qırğızıstandan olan 10 yaşlı qızın miqrasiya qaydalarını pozduğuna dair 6 sentyabr tarixli rəsmi sənəd təqdim ediblər.

10 yaşlı uşağa 5 illik giriş qadağası

Ayzuranın həyat yoldaşı və böyük qızı Rusiyada qalıb. Ana ilə kiçik qızını həbsxana kimi otağa salıb dəmir stullarda oturmağa məcbur ediblər: "Yataq dəstləri iyrənc idi".

Onlara məktəbli qıza Rusiyaya 5 il müddətinə giriş qadağası qoyulduğu bildirilib.

"Mənə və qızıma çox təzyiq göstərdilər", – ana danışır.

"Hər şeyi götür-qoy edəndən sonra Qırğızıstana qayıtmağa qərar verdim", – Moskvada 10 il yaşayıb işləmiş Ayzura deyir. "Eşitmişəm ki, indi istədiklərinə qadağa qoyub deportasiya edirlər", – o əlavə edir.

Ötən ilin martında "İslam Dövləti-Xorasan" ekstremist qrupunun Moskva yaxınlığında bir konsert salonuna hücumundan sonra Rusiyada miqrantlara hücumlar və ayrıseçkilik güclənib. Həmin hücumda 150 nəfər öldürülüb. Hücumla əlaqəli olduğu iddia edilən bir neçə tacikistanlı həbs olunub.

Hadisədən sonra on minlərlə ortaasiyalı deportasiya edilib, Rusiyaya girişi yasaqlanıb.

Keçən ay Tacikistandan onlarla miqrant Moskvadakı Jukovski hava limanında bir həftədən çox saxlanılıb. AzadlıqRadiosunun əldə etdiyi görüntülərdə onlarla kişinin həbsxanadakı kimi dəmir çarpayılarda, sıx şəraitdə qaldığı görünür.

İndi isə hədəfdə miqrantların uşaqlarıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tacik miqrantlar deportasiya... səbəbindən Moskva aeroportunda ilişib qalıblar

3 min 700-dən çox məktəbli Tacikistana qayıdıb

Bu yaxınlarda Moskvada bir tacik qız məktəbdən çıxarılıb. Rəsmi səbəb kimi onun valideynlərinin Tacikistana qayıtdığı göstərilib, baxmayaraq ki, ailə Rusiyanın paytaxtında yaşayır. Qızın yaxınlarından Ahliya radionun tacik xidmətinə deyib ki, valideynləri hələ də Rusiyada işləyən qızı Tacikistana gətirməyə məcbur qalıblar.

Tacikistan Təhsil Nazirliyinin rəsmisi əvvəllər Rusiya məktəblərində oxuyan 3 min 700-dən çox məktəblinin məcburən Tacikistana qayıtdığını söyləyib.

Rəsmilər miqrant uşaqlarının rus məktəblərinə qəbul qaydalarını sərtləşdiriblər. İndi onlar sərt dil imtahanından keçməli, Rusiyada hüquqi statuslarını sübut etməlidirlər.

Moskvada 10 il yaşayan Aygül AzadlıqRadiosunun qırğız xidmətinə deyib ki, qızı yeni dil imtahanını keçə bilmədiyindən məktəbə getmir. Üç ay sonra imtahanı yenidən verə bilər.

Rusiya Təhsil və Elm üzrə Federal Monitorinq Xidməti (Rosobrnadzor) ötən həftə bildirib ki, bu tədris ilində rus məktəblərinə qəbul üçün müraciət edən miqrant uşaqların təxminən 87 faizi imtina alıb. Məcburi rus dili imtahanından keçən uşaqların sayı 3 mindən azdır, müraciət edənlərin təxminən 13 faizi bu imtahanı uğurla verib.

Qırğızıstanda yaşayan miqrasiya eksperti Nursultan Karabayev miqrant işçilərin uşaqları üçün yeni qaydaları orta asiyalılara daha geniş təzyiq kampaniyasının tərkib hissəsi sayır.

"Rusiya miqrantların sayını, xüsusilə ailələri ilə birlikdə gələn miqrantların sayını azaltmaq istəyir. Başqa məqsəd görmürəm", – o, AzadlıqRadiosunun qırğız xidmətinə söyləyib.

Məqaləni AzadlıqRadiosunun jurnalisti Frud Bejan radionun qırğız və tacik xidmətlərinin materialları əsasında hazırlayıb.