Daşkənd taksi sürən özbəkin təhqir olunmasına görə Rusiyaya nota göndərib

Miqrant taksi sürücüsünün təhqir olunduğu videodan kadr

Özbəkistanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-ə rəsmi nota göndərib. Daşkənd taksi sürücüsü işləyən özbək miqrantı təhqir edən kişinin şəxsiyyətinin müəyyən olunmasını, onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini tələb edir. Bu barədə Özbəkistan XİN-in mətbuat katibi Axror Burxanov məlumat verib.

Avqustun sonunda yayılan videoda Moskvaya yaxın Ximki şəhərində rusca danışan bir şəxsin miqrant taksi sürücüsünü təhqir etdiyi görünür. Həmin kişi taksi sürücüsünə qışqıraraq "Sən qulsan, rusların qulususan! Özbəkistanda özünə heç nə tapmadın, buraya gəldin. Öz evində deyilsən, işləmək üçün gəlmisən – işlə!" deyir, söyüş işlədir.

Taksi sürücüsü sakit davranır, ondan söyüş söyməməsini xahiş edir, sonra isə maşına oturub gedir. Şahidlərə görə, konfliktə taksinin həyətə girişi qısa müddətə bağlaması səbəb olub, taksi dar yolda təmizləmə maşınının keçməsini gözləyirmiş.

Özbəkistan XİN son üç ayda Rusiya XİN-ə ikinci dəfədir nota göndərir. İyunda Moskvada miqrantların qaldığı yataqxanada OMON zorakı reyd keçirmişdi. Daşkənd Moskvadan hadisəyə hüquqi qiymət verilməsini tələb etmişdi. Notada Rusiyada Özbəkistan vətəndaşlarına qarşı icazəsiz axtarışlar və kobud rəftar hallarından narahatlıq bildirilmişdi.

2024-cü ilin martında Moskvanın "Krokus" kino-konsert zalında terror aktının təşkilatçı kimi Rusiya hakimiyyəti bir neçə Tacikistan vətəndaşını göstərib. Bundan sonra Rusiyada Orta Asiyadan olan şəxslərə qarşı təzyiqlər, ksenofobiya halları çoxalıb. Rusiya hüquq-mühafizə orqanları miqrantlara qarşı müntəzəm reydlər keçirir, ölkədə qanuni şəkildə yaşayanlar belə deportasiya olunur.

İyunun sonunda etnik azərbaycanlılara qarşı zorakı reydlər, iki nəfərin ölümündən sonra Rusiyada azərbaycanlılara qarşı da təzyiqlərin artdığı bildirilir. Bir neçə diaspor üzvü saxlanılıb, bəzi müğənnilərin, prodüserlərin Rusiyaya buraxılmaması xəbərləri gəlir.