Avropa İttifaqı (Aİ) Rusiyanın aktivlərini müsadirə edərsə, Moskva buna qarşılıq olaraq cavab tədbirləri hazırlayır. Bunu "Bloomberg" agentliyi mənbələrə istinadla yazıb.
Moskvanın da xarici aktivləri milliləşdirəcəyi, onları yeni özəlləşdirmə mexanizmi çərçivəsində operativ sata biləcəyi bildirilir.
Prezident Vladimir Putin bu yaxınlarda sürətli özəlləşdirməyə imkan verən fərman imzalayıb. "Bloomberg" yazır ki, bu addım ABŞ və onun müttəfiqlərinin hərəkətlərinə cavab olaraq atılıb. Məqsəd həm yerli, həm də xarici şirkətlərin satışını sürətləndirməkdir.
Rusiyada hələ də yüzlərlə Qərb şirkəti fəaliyyət göstərir. Buraya "Unicredit" və "Raiffeisen" bankları, "PepsiCo" və "Mondelez" kimi ərzaq istehsalçıları daxildir.
İndiyədək Moskva birbaşa milliləşdirmədən çəkinir, aktivləri "Rosimuşestvo"nun (Dövlət Əmlakı Agentliyi) müvəqqəti idarəsinə ötürürdü. Daha sonra aktivlər "üstünlük verilən alıcılara" satılırdı.
Kremlin sözçüsü Dmitri Peskov Aİ-nin Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya vermək planlarını "oğurluq" adlandırıb. O deyib ki, Rusiyanın cavab tədbirləri depozitar ölkələr üçün ağrılı olacaq.
Avropa və Böyük Yeddilik ölkələrində Rusiyanın 210-220 milyard avroluq aktivləri dondurulub. Onların böyük hissəsi dövlət ehtiyatlarıdır, əsasən Belçikanın "Euroclear" platformasında saxlanılır.
Bundan başqa, Fransada 19 milyard avro, Almaniyada təxminən 210 milyon avro suveren vəsaitlər bloklanıb. Rusiyalı iş adamları və şirkətlərin təxminən 24 milyard avroluq aktivləri də sanksiya altındadır.
Aİ bu aktivlərin idarə olunmasından gəlirlərin bir hissəsini Ukraynaya ötürür. 2025-ci ilin ilk yarısında Kiyev bu mənbələrdən 10 milyard avrodan çox vəsait alıb.
Aİ-dən gələn xəbərlərə görə, Ukraynaya istənilən kredit Rusiyanın başlatdığı genişmiqyaslı işğaldan sonra Aİ-də dondurulmuş Rusiya aktivləri əsasında verilə bilər. Kredit həmin vəsaitlərə toxunulmadan veriləcək və Ukrayna bu pulu Rusiya müharibə zərərlərini ödədikdən sonra geri qaytaracaq.