Azərbaycan və Türkiyə təmsilçiləri Yerevandadır

Yerevanda NATO-nun 108-ci Rouz-Rot seminarı

Sentyabrın 22-də Yerevanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarı başlayır. AzadlıqRadiosunun erməni xidməti seminara Azərbaycan və Türkiyədən təmsilçilərin qatıldığını xəbər verir.

Rouz-Rot seminarı sonuncu dəfə Ermənistanda 2015-ci ildə keçirilib.

Ermənistan nümayəndə heyətinin rəhbəri Andranik Koçaryan bildirib ki, seminarın məhz indi, bölgədə mürəkkəb və çoxqatlı proseslərin getdiyi bir vaxtda Ermənistanda keçirilməsi xüsusilə diqqətəlayiqdir. O, beynəlxalq dəstəyə, təcrübə mübadiləsinə və siyasi iradənin nümayişinə hər zamankından daha çox ehtiyac duyulduğunu vurğulayıb.

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov da Yerevanda NATO-nun seminarına qatılıb. Mərkəzin yaydığı məlumata görə, onun tədbir çərçivəsində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika haqqında çıxışı gözlənilir.

Son günlər Bakı ilə Yerevan arasında qarşılıqlı səfərlər barədə xəbərlər gəlməyə başlayıb.

Sentyabrın 19-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda Beynəlxalq Təhlükəsizlik Forumuna qatıldığı açıqlanıb.

Azərbaycanla Ermənistan 35 ildən çox münaqişə şəraitində olub. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.