Vaxtilə Azərbaycanın ən nüfuzlu siyasətçilərindən olan, İlham Əliyevin atasından sonra prezident postuna keçməsinə kömək etmiş Ramiz Mehdiyev 87 yaşında Rusiyanın dəstəyi ilə dövlət çevrilişi planlaşdırmaqda ittiham olunur. Ona qarşı ittihamlar bir neçə cür yozulur – ya Rusiya gerçəkdən Əliyevi devirmək istəyib, ya da əksinə, Rusiya prezidenti Vladimir Putin Əliyevə dost jest olaraq onu belə bir təhlükədən xəbərdar edib. "Carnegie Politika" portalında Başir Kitaçayev yazır ki, reallıq daha prozaikdir: hakimiyyətin konsolidasiyasının məntiqinə uyğun olaraq Azərbaycan hakimiyyəti alternativ nüfuz mərkəzlərinin ən yüngül formasını belə təmizləyir. Mehdiyevin Moskva ilə çoxdankı birbaşa kontaktları isə onun durumunu ağırlaşdırıb.
Müəllifin fikrincə, 87 yaşlı bir təqaüdçünün çevriliş cəhdi fikri nə qədər qeyri-real səslənsə də, planda Rusiya amilinin vurğulanması Mehdiyevin Kremlə yaxın bir siyasətçi kimi tanınan nüfuzuna uyğundur. Onun Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev, Moskvadakı digər rəsmiləri ilə əlaqələri yaxşı bəllidir. Mehdiyev Rusiyadan bir sıra nüfuzlu mükafatlar da alıb. Bu əlaqələr isə ona əlavə risklər yarada bilərdi. Amma bununla belə, indiyədək Mehdiyeva qarşı ciddi dəlil ortaya qoyulmayıb.
Mehdiyev qarışıq şərtlərin – klanlar müharibəsinin, hakimiyyətin konsolidasiyasının, Azərbaycan rəhbərliyinin Moskva ilə birbaşa əlaqələr üzərində sərt inhisar qurmaq cəhdlərinin qurbanına çevrilib, - məqalədə deyilir. Müəllif prezidentin həyat yoldaşı və vitse-prezident Mehriban Əliyevanın son 10 ildə önə çıxdığını, "PAŞA Holdinq"in ölkədə bütün yeni biznesləri nəzarətə götürdüyünü qeyd edir. Real opponentlər ya həbsdədir, ya da xaricdə. Hakimiyyət isə istənilən alternativi, hətta eyni rejimin öncəki nəslinin veteranları olsa belə, aradan qaldırır, - müəllif yazır.
Putin Azərbaycan problemini çözməyə çalışır
Rusiya və Azərbaycan yenidən qarşılıqlı münasibətlərdə özlərini yaxşı aparır, oyunun qaydaları dəyişməyib. Bunu isə Avropa Siyasətini Təhlil Mərkəzinin (CEPA) saytında təhlilçi Emil Avdaliani yazır.
Azərbaycan və Rusiya prezidentləri oktyabrın 9-da Düşənbədə görüşüblər. Çoxları bunu tərəflər arasında yaxınlaşma kimi yozsalar da, müəllifin fikrincə, inamsızlıq qalacaq. Ötən ilin dekabrında təyyarə qəzasından sonra Bakı və Moskvanın əlaqələrində gərginlik aylarla çəkib.
Məqalədə yazılır ki, Azərbaycan Rusiyanın həm iqtisadi, hərbi baxımdan, həm də daim aktiv casus şəbəkəsi vasitəsilə hələ də yarada biləcəyi potensial təhlükənin fərqindədir. Onun müttəfiqləri, o cümlədən İsrail və daha önəmlisi Türkiyə Rusiyanı həddini aşmaqdan çəkindirir, amma bu da Moskvanın həmlələrini tamamilə dəf etməyə yetmir.
Yazıda Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) Azərbaycanla Rusiyanın ortaq marağında olduğu vurğulanır. Digər yandan, Kreml İran, Yaxın Şərq ölkələri ilə daha sıx əlaqələr qurmağa, Qlobal Cənubun müttəfiqi olmağa çalışır.
Ukraynadakı təcavüzkar müharibə nəticəsində Rusiya daha zəif durumdadır. Bu isə Azərbaycana Çin, Avropa İttifaqı, ABŞ, zəngin ərəb ölkələri ilə əlaqələrini genişləndirmək fürsəti verir, - müəllif yazır.