Ramiz Mehdiyev haqqında ev dustaqlığı qərarı verildiyi bildirilir

Akademik Ramiz Mehdiyev 2019-cu ildə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

24 il Azərbaycanda Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Oktyabrın 14-də Səbail rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı-qətimkan tədbiri seçildiyi deyilir. Bu barədə vəkil Pərviz Məmmədov məlumat yayıb.

Vəkilin sözlərinə görə, R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələriylə ittiham verilib.

Məlumata, orada sadalanan ittihamlara R.Mehdiyevin özündən və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Lakin Azərbaycan qanunlarına görə, yaşı 65-dən yuxarı olan kişilər və qadınlar, həmçinin cinayət törədərkən yetkinlik yaşına çatmayanlara ömürlük həbs cəzası verilmir.

AzadlıqRadiosunun məlumatına görə, 87 yaşlı R.Mehdiyev haqqında cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) İstintaq Baş İdarəsində aparılır. Məlumatı DTX-dən dəqiqləşdirmək mümkün olmayıb.

R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib. Ardından 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.

1993-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü olmuş R.Mehdiyev 2021-ci ildən sonra həmin partiyanın Veteranlar Şurasının üzvüdür.

Buna da bax: Ramiz Mehdiyev rejimə ‘son xidmətini’ göstərir?