Qazaxıstan "Avraam sazişləri"nə qoşulacaq. ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş bu diplomatik pakt İsrail ilə müsəlman ölkələri arasında əlaqələri normallaşdırmaq məqsədi güdür. Bu, həm də Vaşinqtonla yaxınlaşmağı hədəfləyən strateji bir addımdır.
AzadlıqRadiosunun jurnalistləri Frud Bejan və Reyd Stendiş Astananın 6 noyabr qərarının, əsasən, simvolik olduğunu yazırlar. Axı, Qazaxıstan İsraili çoxdan tanıyır, 1991-ci ildə Sovet İttifaqı dağılandan İsraillə diplomatik əlaqələr saxlayır.
Amma "Avraam sazişləri"nə qoşulmaq Qazaxıstanı Ağ evin yenidən canlandırmağa çalışdığı xarici siyasət təşəbbüsünün mərkəzinə gətirir. Bu saziş Donald Trampın ilk prezidentlik dövrünün uğuru sayılır.
"Avraam sazişləri"ni genişləndirmək
"Avraam sazişləri" İsrail ilə müsəlman dünyası arasında əməkdaşlığı gücləndirmək məqsədilə hazırlanıb. 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş bu razılaşmaya imza ataraq əlaqələrini normallaşdırdılar.
İndi Tramp administrasiyası təşəbbüsü genişləndirməyə çalışır. Noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Vaşinqtona planlaşdırılan səfərinin mərkəzində də bu razılaşmalar olacaq.
Qazaxıstan Orta Asiyanın ən böyük və ən zəngin ölkəsidir, həm də regiondan bu sazişlərə qoşulacaq ilk ölkə olacaq. Bu addım diplomatik razılaşmanı Yaxın Şərq və Şimali Afrikadan Orta Asiyaya doğru genişləndirir.
Qazaxıstan hökuməti açıqlamasında bunu ölkənin xarici siyasət kursunun təbii və məntiqi davamı adlandırıb.
Neftlə zəngin Qazaxıstan Moskvanın çoxdankı müttəfiqidir, Pekinlə tərəfdaşlığı dərinləşdirir. Astana "Avraam sazişləri"nə qoşulmağı ABŞ ilə tərəfdaşlıq qurmaq üçün fürsət kimi görür.
"Rusiyanın və Çinin arasında yerləşən Qazaxıstan mümkün qədər çox tərəfdaş əldə etmək istəyir, xüsusən də ABŞ və Avropa ilə daha fəal əlaqələr qurmağa çalışır", – Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Endrü D'Anyeri təhlilində qeyd edir. O bunu Vaşinqtonun diqqətini çəkmək, ABŞ-nin hökumət qurumlar; və özəl sektorunun Qazaxıstana daha çox konkret iqtisadi maraqlar gətirməsi üçün ağıllı və praktik addım adlandırır.
Ekspertlər deyirlər ki, Qazaxıstanın bu sazişlərə qoşulacağı barədə açıqlamanı Trampın Ağ evdə Orta Asiyanın beş lideri ilə sammitdə verməsi də təsadüfi deyil. Birgünlük sammitdə Tramp bu bölgə ilə ABŞ arasında ticarət, diplomatik və mineral anlaşmalarını açıqladı. Orta Asiya uzun müddət Moskvanın nəzarətində olub, getdikcə Çinə daha çox bağlanırdı.
Bakı da maraqlıdır
Sammitdən öncə Qazaxıstan özünün ən böyük volfram yataqlarından birinin işlənməsi üzrə ABŞ ilə mühüm bir razılaşma imzaladı.
Vaşinqtonda yerləşən Yorktaun İnstitutunun Turan Araşdırma Mərkəzinin direktoru Cozef Epşteyn AzadlıqRadiosuna açıqlamada Qazaxıstanın bu addımının simvolik görünsə də, gələcəkdə diplomatik əhəmiyyət daşıya biləcəyini deyir: "Astananın "Avraam sazişləri"nə qoşulmaq qərarı yeni bir mərhələnin başlanğıcını qoyur, bu razılaşmaları Yaxın Şərq sülh təşəbbüsündən ABŞ yönümlü, tolerantlıq və rifaha sadiq mötədil müsəlman ölkələrinin koalisiyasına çevirir".
Orta Asiya və Qafqazın digər ölkələri, o cümlədən Özbəkistan və İranla həmsərhəd Azərbaycan da bu razılaşmalara qoşulmağa maraq göstərib.
"Zəngin qaz və uran ehtiyatlarına malik, Xəzər dənizinin sahillərində yerləşən Astana və Bakı kimi əsas oyunçuları qazanmaq ABŞ və İsrailə Rusiya və İran üzərində strateji üstünlük verəcək. Rusiya və İran bu regionları ənənəvi olaraq özlərinin eksklüziv təsir dairəsi kimi görüb", – bunu isə Atlantik Şurasının Yaxın Şərq Proqramlarının baş tədqiqatçısı Sara Zaaymi yazır.