Putin: Avropadan hərbi təhlükə yaranarsa, Moskva tez cavab verəcək

V.Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında. 2 oktyabr 2025

Rusiya prezidenti Vladimir Putin Avropanın hərbiləşdirilməsi halında Moskvadan cavab tədbirlərinin mümkünlüyünü istisna etməyib.

O bunu "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

Kremlin rəhbəri hərbiləşdirmə prosesinin getdikcə sürətləndiyini vurğulayıb.

"Məsələn, Almaniya deyir ki, alman ordusu yenidən Avropanın ən güclü ordusu olmalıdır. Yaxşı... Onların nə demək istədiyini diqqətlə dinləyirik. Düşünürəm ki, heç kim Rusiyanın cavabının özünü çox gözlətməyəcəyinə şübhə etmir", - deyən Putin təhdidlərə cavabın "çox inandırıcı" olacağını vurğulayıb. "Məhz cavab. Hərbi qarşıdurmanı heç vaxt biz başlatmamışıq", - ordusu artıq dörd ildir Ukraynaya qarşı müharibə aparan Rusiya prezidenti əlavə edib.

O, Ukraynada müharibənin davam etməsində məhz Avropa ölkələrini günahkar bilir. "Təəssüf ki, hələlik, hərbi əməliyyatları dayandırmaq mümkün olmayıb. Amma bunun məsuliyyəti çoxluğun deyil, azlığın, ilk növbədə münaqişəni daim gərginləşdirən Avropanın üzərinə düşür", - Putin vurğulayıb. "Birləşmiş Avropanın hakim elitaları isteriyanı qızışdırmaqda davam edir. Sən demə, ruslarla müharibə az qala qapının astanasındadır, bu cəfəngiyatı, bu mantranı dönə-dönə təkrarlayırlar".

Rusiyaya məxsus olduğu güman edilən dronlar sentyabrdan bəri Avropa İttifaqı ölkələrinin hava məkanını ardıcıl olaraq bir neçə dəfə pozub, həmçinin Danimarka, Almaniya və bir sıra digər ölkələrdə kritik infrastruktur obyektləri üzərində naməlum dronlar aşkarlanıb.

"O zaman NATO-nun özü nədir?"

"Valday" forumunda V.Putin ABŞ ilə münasibətlərə də toxunaraq bildirib ki, Vaşinqtonla tamformatlı münasibətlərin bərpası Rusiyanın maraqlarına cavab verir. Onun sözlərinə görə, Donald Tramp administrasiyası öz maraqlarını "birbaşa, amma lazımsız ikiüzlülük olmadan" bəyan edir.

Tramp 2025-ci ilin yanvarında Ağ evə qayıtdıqdan sonra onun Putinlə artıq bir neçə telefon danışığı və Alyaskada bir rəsmi təkbətək görüşü olub. ABŞ lideri dəfələrlə deyib ki, o, Ukraynadakı müharibənin tezliklə bitməsinə nail olmağa çalışır və bunun üçün prezidenti ilə yaxşı münasibətdə olduğu Rusiya ilə əlaqəni saxlamaq lazımdır. Lakin Rusiya Ukraynanı bombalamağa davam etdiyi üçün son vaxtlar Tramp dəfələrlə Putindən məyusluğunu dilə gətirib. Bu həftənin əvvəlində Tramp yenidən Rusiyanı "kağız pələng" (güclü görsənən, əslində isə zərərsiz) adlandırıb. "Valday" klubunun plenar iclasında Putin bu sözlərə cavab verərək qeyd edib ki, Rusiya son illərdə Ukrayna Silahlı Qüvvələri ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə vuruşur. "Bu, "kağız pələng" olmaq deməkdir? O zaman NATO-nun özü nədir?", - o sual edib.

  • 2014-cü ildə Rusiya Krımı ilhaq edib. 2022-ci ildə Ukraynanın şərqində və cənubunda daha dörd regionun özünə birləşdirildiyini elan edib. Rusiya qoşunları bu bölgələrin böyük bir hissəsini işğal ediblər. Kreml Ukrayna və Avropa ölkələrinin uzunmüddətli atəşkəslə bağlı təkliflərini rədd edərək Rusiya liderlərinin "münaqişənin köklü səbəbləri" adlandırdıqları məsələlərin həllinin vacibliyini vurğulayır. Moskva Ukraynanın rusdilli sakinlərinin hüquqlarının pozulduğunu iddia edir, Kiyevin NATO-ya üzv olmaq istəyini əsas gətirir.