'Reuters': Putin Ukraynaya bəzi tələblərini güzəşt kimi görür

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının tam çıxarılmasını tələb etmədən Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasının mümkünlüyünü güzəşt kimi qiymətləndirir. Bununla belə, o, digər şərtlərindən imtina etmir. Bu barədə "Reuters" mənbələrə istinadən yazıb.

Hazırda Zaporojye və Xerson vilayətlərinin təxminən 73 faizi, Donetsk vilayətinin isə 88 faizi Rusiyanın nəzarətindədir. Putin Donetsk və Luqansk vilayətlərinin bütövlükdə Rusiyanın nəzarətinə keçməsini tələb edir.

Daha əvvəl Rusiya dörd bölgəyə tam nəzarəti və Xarkov, Sumi, Dnepropetrovsk vilayətlərinin ərazilərinin bir hissəsinin Moskvanın yurisdiksiyasına verilməsini, həmçinin ilhaq edilmiş Krımın Rusiya ərazisi kimi tanınmasında təkid edib.

Moskvanın siyasi tələbləri sırasında Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, NATO-nun şərqə doğru genişlənməsini dayandırılacağı vədi, Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlər və Qərb qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinin qadağan edilməsi də daxildir.

Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, ölkə ərazilərinin kiməsə verilməsi konstitusiyaya ziddir.

Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bildirib ki, Ukrayna hazırkı cəbhə xətti boyunca münaqişəni dondurmağa və bir sıra əraziləri "de-fakto" itirilmiş kimi tanımağa hazırdır, lakin gələcəkdə bu torpaqları diplomatik və iqtisadi yollarla qaytarmağı planlaşdırır.

Podolyak Putinin strategiyasını atəşkəs olmadan uzunmüddətli danışıqlar kimi xarakterizə edib. Onun sözlərinə görə, təcavüzkar tərəfə güzəştlər etmək müharibənin bitməsi ilə nəticələnməyəcək və Avropa Rusiyanın fundamental təhlükə olduğunu başa düşür.

Ukraynalı rəsmi vurğulayıb ki, təhlükəsizliyin təminatı üçün Ukrayna Rusiya ərazisinə çata bilən raketlərə malik olmalıdır.

Donald Trampın danışıqlarda iştirakını şərh edən Podolyak qeyd edib ki, ABŞ prezidenti vəziyyəti aydın başa düşür və mürəkkəb prosesi effektiv şəkildə sürətləndirib.