Putin Təhlükəsizlik Şurası ilə MDB-nin bəzi üzvləri ilə münasibətləri müzakirə edib

V.Putin

Avqustun 29-da Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə MDB ölkələri ilə münasibətləri müzakirə edib.

"MDB-nin bəzi üzvləri ilə iş barədə danışacağıq – bizim üçün bu istiqamətdə prioritet hansı məsələlərdir, yaxın gələcəkdə addımlarımız və məqsədlərimiz nə olmalıdır", — "İnterfaks" prezident Putinə istinadla bildirir.

Prezidentin Təhlükəsizlik Şurası ilə hər həftə, adətən cümə günləri görüşdüyü qeyd olunur.

MDB-yə doqquz postsovet ölkəsi – Rusiya, Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan daxildir.

Ötən il MDB-nin sammiti Moskvada keçirilib. Bu il isə oktyabrın 10-da Düşənbədə keçirilməsi planlaşdırılır.

Bu il Azərbaycanda 3-cü MDB Oyunlarının keçirilməsi gözlənilir.

Son aylar Azərbaycan-Rusiya münasibətlərində gərginik yaranıb. İyunun sonunda Yekaterinburqda azərbaycanlılara qarşı zorakı reydlərdən sonra Bakıda da bir qrup rusiyalı saxlanılıb. Azərbaycanın Mədəniyyət Nazirliyi Rusiya ilə əlaqəli tədbirləri təxirə salıb.

Moskva isə Azərbaycan diasporunun bəzi üzvlərinə qarşı yeni cinayət işi açaraq onları deportasiya və ya həbs edib.