Rusiyada sorğu: 65 faiz deyir ki, Putin Rusiyaya daha çox fayda verib

Leonid Brejnev, İosif Stalin və Vladimir Putin

Bu il Rusiyada keçirilən bir rəy sorğusunda respondentlərin 65 faizi prezident Vladimir Putini "ölkəyə ən çox fayda vermiş siyasi xadim" adlandırıb. İkinci yeri 45 faizlə sovet diktatoru İosif Stalin tutub. Rəy sorğusunu Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Tədqiqatlar İnstitutu 2025-ci ilin mayında keçirib. Sorğunun nəticələrinə isə "Vyorstka" portalı diqqət çəkib.

Respondentlərə bir neçə siyasi liderin adını çəkmək şansı verilib.

Rəy sorğusu prezident Putinin reytinqinin tarixi rekorda çatdığını göstərir. Yəni, son 25 ildə beş dəfədən çox artıb. 2000-ci ildə respondentlərin 12 faizi onu "ölkəyə ən çox fayda vermiş şəxs" adlandırmışdı. 2012-ci ildə bu göstərici 35 faiz, 2016-cı ildə 56 faiz, 2018-ci ildə isə 54 faiz olub. 2018-ci ildən sonra reytinq yüksəlməyə başlayıb, Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı təcavüzə başlayandan sonra 60 faizə çatıb.

Stalinin reytinqi də son 30 ilin ən yüksək həddinə çatıb. 1995-ci ildə bu göstərici cəmi 15 faiz idi. 2000-ci ildə 25 faiz respondent Stalini "Rusiyaya ən çox fayda vermiş şəxs" adlandırıb, 2008-ci ildə bu göstərici 14 faizə düşüb. Sovet liderinin reytinqi 2016-cı ildən (31 faiz) artmağa başlayıb, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2022-ci ildə 40 faizə çatıb.

Putin və Stalinin reytinqləri ilə yanaşı, çar II Nikolayın və Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin də göstəriciləri artıb. Respondentlərin 16 faizi II Nikolayı, 24 faizi isə Brejnevi Rusiyaya ən çox fayda vermiş siyasi xadim hesab edib.

Keçmiş prezidentlər Mixail QorbaçovBoris Yeltsin antireytinqdə liderdirlər. Respondentlərin 59 faizi Qorbaçovu, 56 faizi isə Yeltsini "Rusiyaya ən çox zərər vurmuş siyasi xadim"lər adlandırıb.

"Vyorstka"nın Rusiya Elmlər Akademiyasının daha öncəki sorğularına əsasən yazıb ki, rusiyalıların təxminən 80 faizi Rusiyanın qərbdən əsaslı şəkildə fərqləndiyini düşünür. Putinin hakimiyyəti dövründə bu göstərici səkkiz dəfə artıb.

Rusiya Elmlər Akademiyasının daha bir sorğusuna görə, 2024-cü ildə ölkədə ailələrin hər onuncusu daim ərzağa qənaət etməyə məcbur olub.

2022-ci ildə Ukraynada irimiqyaslı müharibə başlayandan sonra həm müstəqil, həm də dövlətin nəzarətində olan şirkətlərin keçirdiyi rəy sorğuları Putinə və hökumətin dəstəyin artdığını göstərirdi. Amma bəzi akademiklər, sosial tədqiqatçılar rusiyalıların açıq danışmaqdan qorxduqlarını deyirdilər.