Bu həftə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Çində bir araya gələcəyi ehtimalı özünü doğrultmadı. İki ölkə lideri ayaqüstü salamlaşaraq, Putin demiş, iki-üç kəlmə kəsdilər.
Problemlərin olduğunu etiraf edən Putin əlavə etdi ki, "əsaslı münasibətlər və onları inkişaf etdirməyə qarşılıqlı maraq hər şeyi yerinə qoyacaq".
Bəzi təhlilçilər belə bir görüşün baş tutmamasını Putinin münasibətlərin normallaşmasında maraqlı olmamasında görür, bunun bir səbəbinin də Vaşinqtonda Bakı ilə Yerevanın sülh sazişini paraflaması ilə izah edirlər. Yəni, Moskva iqtisadi təzyiqə əl atır. Rusiyanı qıcıqlandıran daha bir amil isə Bakının "Zəngəzur dəhlizi" dediyi, Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistan ərazisindən keçərək birləşdirəcək marşrutun əlindən çıxmasıdır. Avqustun 8-də Vaşinqtonda bu marşrutla bağlı, amma "Tramp yolu" adı verilmiş xəttin çəkilməsi razılaşdırılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan həbs etdiyi Rusiya vətəndaşlarını birtərəfli buraxa bilərmi?
İndilik Rusiyada Azərbaycan diasporunun üzvlərinin həbsi, azərbaycanlıların Rusiyaya buraxılmaması xəbərləri gəlir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Bakıda saxlanmış rusiyalıların buraxılmasının münasibətlərin normallaşmasında vacib addım olduğunu deyib.
Daha öncə də Rusiya XİN-dən oxşar bəyanat səslənsə də, Bakıdan rəsmi münasibət gəlməmişdi.
Putinin təsir rıçaqları
Aylardır davam edən Bakı-Moskva gərginliyinin sonu görünürmü, yoxsa eskalasiya davam edəcək?
Təhlilçi Rauf Mirqədirov vəziyyətin daha da gərginləşəcəyini deyir. Onun fikrincə, hazırda baş verənlər problemin münasibətlərdəki gərginlikdən deyil, dərin ixtilafdan qaynaqlandığından xəbər verir. Rusiya da yaxın gələcəkdə bu problemlərin həll olunacağını gözləmir.
Almaniyanın Bremen Universitetinin tədqiqatçısı Nikolay Mitroxin düşünür ki, uzun illər Əliyev hakimiyyəti Qərbə neft, Rusiyaya isə kənd təsərrüfatı məhsulları satıb, ikinci halda diasporun pulundan da faydalanıb, iki stulda oturmağı məharətlə bacarıb. Amma Rusiyanın mövqeyinin radikallaşması ona seçim qoymayıb. Qərbin Qarabağ məsələsinin həllində daha yaxşı variant təklif etməsi isə dönüş nöqtəsinə çevrilib. Bu zaman Rusiyanın əlində Azərbaycana bircə təsir rıçağı qalıb - kənd təsərrüfatı məhsulları bazarı və diasporun pulları:
Nikolay Mitroxin
"Sonuncu variantda Putin duruma böyük fiqurları - Rusiyanın milyonluq şəhərlərindəki regional klanları zərərsizləşdirməklə təsir göstərməyə başlayıb. Bəlkə də, ümid edib ki, Əliyev fikrini dəyişəcək. Lakin bunun açıq-aydın baş verməyəcəyi görünür. Çox güman ki, Rusiyadakı azərbaycanlı diasporunun əsas nüfuz dairələrinin tamamilə zərərsizləşdirilməsini görəcəyik. Rusiya hakimiyyətinə pul lazımdır, onlar yeni fiqurları "yeyinti" mövqelərinə yerləşdirmək istəyirlər və burada azərbaycanlılar onlar üçün zəif həlqədir".
Yada salaq ki, "Tramp yolu" - Bakı və Ankaranın "Zəngəzur dəhlizi" dediyi marşrut 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi üzrə atəşkəs bəyanatına salınmışdı, onun Rusiyanın FSB qüvvələrinin nəzarətində olacağı yazılmışdı. "Tramp yolu"nun (TRIPP) isə ABŞ şirkətinə icarəyə veriləcəyi bildirilir.
Rusiya Cənubi Qafqazdan asanlıqla çıxarmı?
Bəzi nəşrlər Rusiyanın Cənubi Qafqazda nüfuzunun azaldığını deyir, buna əsas kimi Azərbaycan və Ermənistan liderlərini avqustun əvvəlində Vaşinqtonda görüşməsini, sülh sazişinin mətninin paraflanmasını göstərirlər. Bəs, Moskva Cənubi Qafqazı belə asanlıqla əldən verəcəkmi?
Pol Qobl
Ceymstaun Fondunun aparıcı əməkdaşı Pol Qobl nə bu ehtimala, nə münasibətlərin yumşalacağına nikbin yanaşır. O, Rusiya tərəfdən eskalasiyanın həm ritorikada, həm də hərbi olmayan tədbirlərlə davam edəcəyini deyir: "Məqsəd Bakını mövqeyini dəyişməyə məcbur etməkdir. Moskva dərinə gedərək ikinci cəbhə açmaq istəmir, amma Cənubi Qafqazda öz mövqelərini qoruyub saxlamaq və ya bərpa etmək niyyətindədir".
Təhlilçi N.Mitroxinin fikrincə, hazırkı tendensiya Azərbaycan və Putin Rusiyasının uzunmüddətli və dərin bir qarşıdurma içində qalacağını göstərir: "Təki müharibə ilə nəticələnməsin. Avropa İttifaqında belə bir fikir populyardır ki, Putin Ukrayna ilə müharibə bitdikdən sonra Polşaya və ya Estoniyaya hücum edəcək. Amma deyərdim ki, Azərbaycana hücum ehtimalı daha böyükdür".
Azərbaycan prezidenti bu həftə Çində həm Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, həm də Çinin İkinci Dünya müharibəsində qələbənin 80 illiyi paradına qatıldı.
AzadlıqRadiosu Çin-Azərbaycan münasibətlərinin intensivləşməsinin vətəndaşa nə verdiyini araşdırıb:
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan-Çin yaxınlaşması vətəndaşa nə verir?