Putin Düşənbədə həbs olunmadı

V.Putin oktyabrın 8-də dövlət səfəri ilə Tacikistana gəlib.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Tacikistana səfər edib. Bu, onun 2022-ci ilin iyunundan bəri bu ölkəyə ilk səfəridir. Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvüdür və Rusiya prezidentinin həbsinə dair bu məhkəmənin orderini icra etməli idi. Amma Putin Düşənbədə həbs olunmayıb.

"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı həmin gün Tacikistandan Putinə ölkəyə giriş imkanı verməməyə, yaxud onu hava limanında həbs etməyə çağırmışdı. Təşkilat BCM üzvlərini, ATƏT və Aİ-ni beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün Düşənbəyə təzyiq göstərməyə çağırıb.

"Putin Haaqada məhkəmə qarşısında dayanmalıdır, BCM-yə üzv ölkələrdə beynəlxalq sammitlərə qatılmamalıdır", – AzadlıqRadiosunun tacik xidməti "Human Rights Watch"un beynəlxalq ədalət üzrə direktoru Liz Evensona istinadla yazır.

Ancaq Tacikistan hakimiyyəti bu çağırışları gözardı edib. Putini hava limanında prezident Emoməli Rəhmon qarşılayıb. Düşənbə küçələri Tacikistan bayrağının rəngləri ilə bəzədilib. Binalarda Putin və Rəhmonun şəkilləri olan elektron ekranlar yerləşdirilib.

Putin Düşənbədə "Mərkəzi Asiya – Rusiya" sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

BCM 2023-cü ilin martında Putin barəsində axtarış elan edib. Rusiya prezidenti Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunur. Moskva bu ittihamları rədd edir, məhkəmənin yurisdiksiyasını tanımadığını bildirir.