Çeçenistan lideri Ramzan Kadırov sentyabrın 15-də Telegram kanalında müğənni Alla Puqaçovanın son müsahibəsinə görə onun ünvanına "xalq düşməni və satqın" ifadələri işlədib. Puqaçova həmin müsahibəsində Kremlin Ukraynadakı təcavüzkar müharibəsini və Rusiya hakimiyyətini tənqid edib.
Kadırov paylaşımında birbaşa sitat gətirməsə də, Puqaçovanın çeçen separatçılarının lideri, 1991-1996-cı illərdə Çeçenistan prezidenti olmuş Cövhər Dudayev barəsində dediklərinə münasibət bildirib.
1994-cü il müharibəsini kim başladıb
A.Puqaçovanın sentyabrın 10-da jurnalist Yekaterina Qordeyevaya müsahibəsində Dudayevin "ədəbli, tərbiyəli, ziyalı, yaraşıqlı insan" olmasından danışıb. Kadırov isə bildirib ki, Puqaçova "çeçen xalqının ən ağır dövrünü dərk etmədən mənasız düşüncələr yürüdür". O, Dudayevi ədabazlıqda, çeçen xalqının problemlərinə biganəlikdə suçlayıb, 1994-cü ildə Çeçenistandakı müharibəni federal hakimiyyətin deyil, "Puqaçovaya bənzər, Berezovski kimi" satqınların başlatdığını iddia edib.
R.Kadırov 1994-1996-cı illərdə birinci Çeçen müharibəsi zamanı federal qüvvələrə qarşı, Dudayevin rəhbərliyi altında döyüşüb. Onun atası Əhməd Kadırov isə Çeçenistanın müftisi, Dudayevin silahdaşı olub. Daha sonra Ramzan və atası Rusiya tərəfinə keçərək separatçılara qarşı çıxıblar.
R.Kadırov 2015-ci ildə A.Puqaçovanı "hamının sevdiyi şəxs" adlandırmışdı. O, Çeçenistanda bir polis rəisinin azyaşlı qızla evlənməsinə qarşı tənqidlərə cavab olaraq Puqaçovanın Maksim Qalkinlə nikahını misal çəkmişdi.
"Vicdan şöhrətdən də dəyərlidir"
Kadırov Puqaçovanın Ukraynadakı müharibə ilə bağlı, kremlyönlü şərhçilərin tənqidinə səbəb olmuş fikirlərinə toxunmayıb. Müğənni müsahibəsində deyib: "Bu müharibə kimə xoş gəlir? Heç kimə. Xüsusilə də müharibə qardaşlar ilə aparılırsa".
Puqaçova yeni müharibələrə başlamağı yanlış saydığını deyib. O əlavə edib ki, əri M.Qalkin "xarici agent" elan edildikdən sonra Rusiyanı tərk etməyə məcbur qalıb.
Kreml Puqaçovanın müsahibəsini şərh etməyib.
A.Puqaçova son onilliklərin ən məşhur rus estrada ifaçılarından biridir. Onun Y.Qordeyevaya təxminən 4 saatlıq müsahibəsi YouYube-da 17 milyondan çox baxış yığıb.
"Təsəvvür eləyə bilməzsən, Ukraynada baş verənlərə görə necə təəssüflənirəm. Hər şey bitəcək və hər şey yenidən normal axına düşəcək, amma ölən insanları qaytarmaq mümkün olmayacaq. Məhv olmuş talelər, travmalı uşaqlar...", – müğənni Ukraynadakı müharibə haqda belə deyib.
"Belə bir anlayış var – vicdan. Vicdan şöhrətdən də, dəbdəbədən də, hər şeydən daha dəyərlidir", – A.Puqaçova müsahibəsinin başqa bir yerində vurğulayıb.