Polşada Belarus və Rusiyaya sanksiyalardan yan keçərək təxminən 600 bahalı avtomobil satışına görə 20 nəfər saxlanılıb. Məlumatı Polşa polisinin Mərkəzi İstintaq Bürosu yayıb.
Saxlanılan şəxslərin 2021-2025-ci illərdə Polşa, Çexiya, Litva, Almaniya və Avropanın digər ölkələrində fəaliyyət göstərən mütəşəkkil cinayət qrup üzvləri olduğu bildirilir. İstintaqa görə, onlar saxta şirkətlərdən yararlanıblar.
BMW, "Mercedes", "Porsche", "Lexus" və "Range Rover" kimi lüks avtomobilləri salonlardan alıb, başqa şirkətlərə satıb, sonra isə Avropa İttifaqı ölkələrində alıcılara paylayıblar. Avtomobillər yenidən Polşaya gətirilib və, əsasən, Belarus, Azərbaycan və Qazaxıstan şirkətləri vasitəsilə Rusiyaya və Belarusa satılıb.
Polisin bilgisinə görə, qrup üzvlərinin nəzarətində olan şirkətlərə 40 milyon zlotidən (11 milyon dollar) çox məbləğdə ƏDV əsassız olaraq geri qaytarılıb.
Saxlananlar mütəşəkkil cinayətkar qrupa rəhbərlik və onda iştirak, azı 17 milyon zloti (3 milyon dollar) dəyərində saxta ƏDV fakturaları yazmaq, pul yumaq, Rusiyaya və Belarusa sanksiyalardan yayınmaqda ittiham olunurlar. 20 nəfərdən ikisinə 3 aylıq həbs kəsilib.
Axtarış zamanı polis saxlananların aktivlərini, zinət əşyalarını, müxtəlif valyutalarda nağd pul vəsaitlərini müsadirə edib. Şübhəlilərin bank hesablarında 10 milyon zlotidən (2.7 milyon dollar) çox vəsait dondurulub.
Latviyada isə Rusiyaya bahalı avtomobillərin tədarük kanalı bağlanıb. Avtomobillər sanksiyalardan yan keçərək Belarus vasitəsilə göndərilirmiş.