Ermənistan baş naziri Nikol Paşinyan avqustun 23-də ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümünə həsr olunmuş bəyanatla çıxış edib. Onun sözlərinə görə, Ermənistanın Qarabağa iddialarını özündə əks etdirən bu sənəd Sovet hökumətinin təqdim etdiyi vətənpərvərlik modelinə əsaslanıb. Paşinyan bildirib ki, Ermənistan yalnız indi, Azərbaycanla sülh razılaşması əldə etdikdən və Qarabağa iddialardan əl çəkəndən sonra həqiqi müstəqilliyinə nail olub.
Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəddə SSRİ-nin tərkibində olmuş respublikanın adı dəyişdirilərək "Ermənistan Respublikası" adlandırılır, müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi elan edilir. Bununla belə, mətndə Ermənistanın SSRİ-dən çıxması qeyd olunmur - respublika 1991-ci ilin dekabrında onun dağılması ilə əlaqədar İttifaqı tərk edib. Bəyannamədə həmçinin Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsindən bəhs edilir.
Paşinyanın sözlərinə görə, Bəyannamənin müddəaları qəbul edilərkən "Ermənistanda siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib". Bu da öz növbəsində "Sovet İttifaqının biz, ermənilər üçün formalaşdırdığı vətənpərvərlik modelinə əsaslanıb". Paşinyan bəyanatında bildirib ki, bu vətənpərvərlik modeli Ermənistanın özünə deyil, xaricə yönəlib və onun nəticəsi Qarabağ ərazisinə iddialar olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Paşinyanın Qarabağ açıqlaması Yerevanda etiraz yaratdı: 'Azərbaycanın videolarına baxırıq'
"Ermənistan Respublikası bu gün həmişəkindən daha müstəqil, daha suverendir"
Paşinyan qeyd edib ki, fəaliyyəti 1988-ci ildə Qarabağın Ermənistana verilməsi tələbinə gətirib çıxaran və bundan sonra regionda qanlı münaqişənin başlanmasına səbəb olan Qarabağ hərəkatı Ermənistan cəmiyyətinə xas olan, sovet hakimiyyətinin tətbiq etdiyi sosiopsixologiyanı əks etdirir. Baş nazirin fikrincə, hərəkatın fəaliyyətinin nəticəsi "müstəqil Ermənistan dövlətinin mövcudluğunun strateji cəhətdən qeyri-mümkün edib, çünki xarici münaqişə kontekstində mövcud olan ölkə real müstəqillik qura bilməz". Paşinyan bildirib ki, o, Qarabağ hərəkatının davam etdirilməsinin ölkə üçün fəlakətlə nəticələnəcəyi qənaətinə gəlib.
"Baş nazir kimi mənə verilən məlumatların və reallığın tam, hərtərəfli təhlili məni Qarabağ hərəkatını davam etdirməməli olduğumuz sarsılmaz inamına gətirib çıxardı, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin aradan qaldırılması deməkdir", - Paşinyan vurğulayıb.
O qeyd edib ki, Ermənistanın son illərdə onun rəhbərliyi altında apardığı siyasət Azərbaycanla sülhü və Türkiyə ilə real dialoqun başlamasını mümkün edib.
"Ağır sınaqlardan keçərək biz inanılmaz görünən bir mərhələyə çatdıq: Ermənistan Respublikası bu gün həmişəkindən daha müstəqil, daha suverendir, həmişəkindən daha çox dövlətdir, həmişəkindən daha çox çiçəklənir, həmişəkindən daha perspektivlidir, çünki o, sülhsevərdir. 2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıcı oldu", - baş nazirin bəyanatında vurğulanıb.
Xatırlatma
Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında gərginliyə səbəb olub. 1990-cı illərin əvvəllərində isə münaqişə ağır silahlı toqquşmalara çevrilib. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.