Nicat İbrahimin 18 gündür aclıq etdiyi bildirilir: 'Kamera görüntülərini gətirsinlər...'

Nicat İbrahim

Həbsdə olan ictimai fəal Nicat İbrahim iki həftədən çoxdur aclıq aksiyası keçirdiyini bildirib. O bunu Bakı Apellyasiya Məhkəməsində açıqlayıb.

Heç bir cinayət törətnədiyi halda, bir ildən çoxdur həbsdə saxlandığını vurğulayan ictimai fəal bildirib ki, ona qarşı törədilən qanunsuzluqlara dözə bilmir və bu yolla etirazını göstərir:

“Xahiş edirəm, buna görə mənə toxunmasınlar, təzyiq etməsinlər. Mənə başqa yol qoymayıblar. İllərdir bu ölkədə başıma gətirdiklərindən sonra ailəmi, uşaqlarımı götürüb, çıxıb gedirdim. Ölkədən buraxmadılar. Aeroportda saxladılar ki, ölkədən çıxışına qadağa var. Bir neçə gündən sonra da olmayan hadisə ilə şərləyib, həbs elədilər”.

Bakı Apellyasiya Məhkəməsində N.İbrahim haqqında 6 il 6 ay həbs hökmündən verilmiş şikayətə baxılır. Ötən ilin sentyabrından həbsdə olan ictimai fəal Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda suçlanır. N.İbrahim həmin adamı tanımadığını, dayandığı yerdə onun hücum elədiyini, özünü yerə yıxıb qışqırdığını və polislərin gəldiyini deyir.

N.İbrahimin xanımı Pərvin İbrahimova AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı artıq 18 gündür Umbakı Penitensiar Müəssisəsində aclıq edir:

“Onun sağlamlığında ciddi problemlər var. Bir il bir aydır ki, günahsız adamı həbsdə saxlayırlar, sağlamlığı, əsəbləri sıradan çıxıb. Həyatına görə çox narahatam”.

Bakı Ağır Cinayətlər Məhkəməsində heç bir araşdırma aparılmadığını və sonda ədalətsiz hökm çıxarıldığını vurğulayan P.İbrahimovanın sözlərinə görə, bu üzdən, vəkil Zibeydə Sadıqova apellyasiya məhkəməsində bir çox məsələlərin araşdırılmasına 20-dək vəsatət verib. Vəkil bıçaqlanma olayının yaşandığı iddia edilən ərazidəki kameraların, zərərçəkmişin üzərindəki cərrahiyyə əməliyyatının görüntülərinin alınmasını istəyib:

“Demirlər Nicat onu bıçaqlayıb, eləsə, ərazidəki o qədər kameranın birinin görüntüsünü niyə qoymurlar ortaya? Bu adam bıçaqlanıbsa və əməliyyat edilibsə, o əməliyyatın çəkilişi olmalıdır. Bir neçə il əvvəl qərar verilib ki, bütün əməliyyatların videosu olur. Gətirilsin, görək həqiqətən əməliyyat olunubmu? Niyə araşdırılmır bu məsələlər? Hamı yaxşı bilir ki, Nicat o adamı nə tanıyıb, nə də bıçaqlayıb”.

N.İbrahimin aclıq aksiyası keçirməsi barədə dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Nicat İbrahim ötən il sentyabrın 9-dan həbsdədir.

İctimai fəal həbsindən bir həftə öncə ailəsiylə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, bu üzdən, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.

N.İbrahim daha öncə 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında “İlham Əliyevə istefa” tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. İctimai fəal o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında keçmiş diplomat Emin İbrahimov, AXCP üzvləri Zamin Salayev, Kənan Zeynalov, “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, “Yoldaş media”nın təsisçisi, ictimai fəal Əhməd Məmmədli və başqaları var.