Moldovada yoxsulluq və antiqərb təbliğatı fonunda parlament seçkiləri

Moldovada parlament seçkiləri ərəfəsində təşviqat plakatları.

Kristina Krudu alma ağaclarına baxaraq biznesi tezliklə iflas edə biləcəyindən giley-güzar edir. Səbəbinə gəlincə, qonşu Ukraynaya Rusiyanın genişmiqyaslı müdaxiləsindən sonra ölkəsində yaranmış iqtisadi çətinlikləri göstərir.

Moldova əhalisinin 25 faizindən çoxu tarlalarda, üzüm bağlarında çalışır. Sentyabrın 28-də ölkədə parlament seçkiləri keçiriləcək. Bu arada yoxsulluq Kremlin onlayn yaydığı antiqərb təbliğatı üçün münbit zəmin yaradır.

"Avropa İttifaqına ixrac edə bilmirik, çünki tələb etdikləri sertifikatlarımız yoxdur. Rusiyaya ixrac etmək daha asan idi", – Krudu AzadlıqRadiosunun Moldova xidmətinə bildirib.

Krudu Ukrayna sərhədindən 25 kilometrdən də az məsafədə yerləşən Dondüşanı rayonunda 20 ildən çoxdur meyvəçiliklə məşğuldur. 2022-ci ildə Ukraynada müharibədə başlayandan Rusiyayla ticarətdə ciddi pozuntuların yarandığını, meyvənin yığım xərclərini belə ödəyə bilmədiklərini deyir. O, seçkilərdə müxalif Sosialistlər Partiyasına səs verəcəyini bildirib. Bu partiya Moldovanın qərbpərəst hökumətinə meydan oxuyan Vətənpərvər Seçki Blokunun tərkibindədir.

Sosialistləri Moskva ilə sıx əlaqələri olan keçmiş prezident İqor Dodon idarə edir. O, hazırkı demokratik yolla seçilmiş hökuməti "cinayətkar rejim" adlandırıb.

Krudu ümid edir ki, Dodo onun meyvələrinin daha yaxşı qiymətə satılmasına kömək edəcək.

Qonşuda müharibə gedir

Moskvanın Ukraynadakı müharibəsi Moldovaya ciddi təsir göstərib: ticarəti pozub, enerji qiymətlərini qaldırıb, inflyasiyada kəskin artıma səbəb olub.

2024-cü ilin rəsmi statistikasına görə, əhalinin 33.6 faizi yoxsulluq həddinin altında yaşayıb. Müharibədən öncə bu göstərici 24.5 faiz idi. Müharibə başlayandan bir neçə ay sonra inflyasiya 35 faizədək yüksəlib. Bu ilin avqustunadək 7.32 faizə enib. Bunu Mərkəzi Bank bildirir.

Amma heç də seçicilərin hamısı müxalifətin mesajlarına inanmır. Bəziləri səs verməkdən imtina edib.

Marqareta Pasla

75 yaşlı Marqareta Pasla AzadlıqRadiosuna deyib ki, illərdir səs verir, amma durumu heç yaxşılaşmayıb. Dediyinə görə, 150 dollarlıq aylıq təqaüdü kommunal xidmətləri ödəməyə belə çatmır. "Daha səs verməcəyəm. Yenə heç nə dəyişməyəcək. Biz kəndlərdə elə palçığın içində qalmışıq", – əlavə edib.

Bu arada ölkədə kəskin seçki kampaniyası gedir. Hökumət xəbərdarlıq edib ki, Moskva sosial mediada dezinformasiya və qanunsuz səs satınalması kampaniyaları aparır.

Sentyabrın 22-də polis ölkənin müxtəlif yerlərində "kütləvi iğtişaşların hazırlanması və destabilizasiya"ya qarşı reydlər keçirib; bu planların Rusiya Federasiyasından cinayətkar elementlər vasitəsilə koordinasiya edildiyi bildirilib.

Avqustda bir yerli tədqiqat mərkəzi Rusiya təbliğatını yayan 910 sosial media hesabından ibarət şəbəkə müəyyənləşdirib. Bu şəbəkənin Avropa İttifaqına, Moldovanın Avropaya inteqrasiyasına, Kişinyovdakı avropayönlü liderlərə qarşı kampaniya apardığı bildirilib.

Kreml isə Moldovanı dəfələrlə antirusiya isteriyasında ittiham edib, seçki prosesinə müdaxilə etmədiyini bildirib. Prezident Maya Sandu bu səsverməni ölkəsinin tarixində "ən önəmli seçki" adlandırıb.

Kristina Bejeryanu və əri Dumitru fermalarında.

Avropalı gələcək ümidləri

Moldovanın iqtisadi çətinlikləri təkcə Ukrayna müharibəsi ilə bağlı deyil. Uzun illər Avropanın ən kasıb ölkələrindən olan Moldovanın əhalisi kommunizm dağılandan sonra azalıb. İnsanlar iş üçün Avropa İttifaqına və digər yerlərə üz tutublar.

Əvvəlki seçkilərdə təxminən 1 milyon mühacir qərbpərəst qüvvələrə dəstək olublar, bu dəfə də oxşar durum yarana bilər.

Hökumət əmindir ki, seçicilərin dəstəyi olarsa, Avropaya inteqrasiya səyləri nəticə verər.

Prezident M.Sandunun PAS partiyasından namizəd Marsel Spatari radionun Moldova xidmətinin seçki debatında deyib ki, "biz Avropa İttifaqı ilə növbəti üç il üçün 1.9 milyard avroluq inkişaf planı imzalamışıq".

Bu mesaj bəzi seçicilərə təsir göstərir. Moldovanın Rumıniya ilə sərhədi boyunca yerləşən Leova rayonunda 34 yaşlı Kristina Bejeryanunun həyat yoldaşı Dumitru ilə 400 hektar buğda və günəbaxan sahələri var. O, radioya deyib ki, Moldovanın Avropa gələcəyinə inanır və əmindir ki, bu, onları "firavanlığa aparan yeganə yoldur".

Bejeryanu ölkənin qərbpərəst yolunun iqtisadi problemlərin həlli yolu sayır. "Biz fermerlərin işçi qüvvəsinə ehtiyacımız var, amma kəndlərdə, demək olar, heç kim qalmayıb. Kəndlərimizdə Avropadakı kimi su, kanalizasiya və yaxşı yollar olsaydı, insanlar yenə gedərdimi? Məncə, yox", – o bildirib.

"Seçkidə səs verərkən ağlımızda məhz bu olacaq – Avropanı evimizə gətirmək", – fermer söyləyib.

Məqaləni AzadlıqRadiosunun aparıcı müxbiri Rey Förlonq radionun Moldova xidməti ilə birlikdə hazırlayıb.