Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna prezidenti Volodimir Zelenskini Macarıstanı təhdid etməyi dayandırmağa çağırıb.
Zelenski Ukrayna hakimiyyətinin Kiyev və Budapeşt arasında dostluğu həmişə dəstəklədiyini və indi "Drujba"nın (Rusiya neft kəmərinin) mövcudluğunun Macarıstanın mövqeyindən asılı olduğunu dedikdən sonra Macarıstanın xarici işlər naziri avqustun 24-də X hesabında paylaşım edib.
"Son günlər Ukrayna enerji sistemlərimizə ciddi hücumlar edib. Enerji təhlükəsizliyinə hücum suverenliyə hücumdur. Macarıstanın heç bir əlaqəsi olmayan müharibə bizim suverenliyimizin pozulmasına heç vaxt haqq qazandıra bilməz. Biz Zelenskini Macarıstanı təhdid etməyi dayandırmağa və enerji təhlükəsizliyimizə qarşı məsuliyyətsiz hücumlara son qoymağa çağırırıq!", - Siyarto paylaşımında bildirib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa macar həmkarına cavab verib. O, X hesabındakı paylaşımında belə yazıb: "Mən Macarıstan tərzində cavab verəcəyəm. Ukrayna prezidentinə nə etməli və nə deməli olduğunu söyləməyinizə ehtiyac yoxdur. O, Ukraynanın prezidentidir, Macarıstanın deyil. Macaristanın enerji təhlükəsizliyi isə öz əlinizdədir. Avropanın qalan hissəsi kimi müstəqil olmaq üçün enerji mənbələrinizi diversifikasiya edin".
Sibiqanın cavabından sonra Macarıstanın xarici işlər naziri daha bir paylaşım edib: "Enerji təhlükəsizliyimizə hücum etməyi dayandırın! Bu, bizim müharibəmiz deyil!"
Macarıstan mütəmadi olaraq Brüsseldə Ukraynayönlü təşəbbüslərin qarşısını alır. 2023-cü ilin dekabrında Budapeşt Avropa ölkələrindən Ukraynaya 50 milyard avroluq yardımın qarşısını kəsib, lakin sonradan Kiyevə yardımın göstərilməsinə razı olub. 2025-ci ilin iyunun sonunda isə Avropa İttifaqı Ukrayna ilə bağlı yekun bəyanatı qəbul edə bilməyib. Belə ki, bəyanatın bir maddəsində ölkənin Aİ-yə üzvlük danışıqlarının başlanmasının dəstəklənməsindən bəhs edilirdi, lakin Macarıstan ona veto qoyduğu üçün bu mümkün olmayıb.
"Drujba" neft kəməri dünyanın ən iri neft nəqli sistemlərindən biridir. Belarusun Mozir şəhərində "Drujba" şimal və cənub seqmentlərinə ayrılır. Hazırda cənub qolu vasitəsilə Rusiya neftini yalnız Macarıstan və Slovakiya alır. Avqustun 13-də Ukrayna qüvvələri Bryansk vilayətindəki "Uneça" neft nasos stansiyasına zərbə endirib, avqustun 18-də Tambov vilayətindəki "Nikolskoe" stansiyasına, avqustun 22-də isə yenidən "Uneça" stansiyasına zərbələr endirib. Həmin gün Siyarto bildirib ki, neft kəməri qısa müddət ərzində üçüncü dəfə hücuma məruz qalıb və bu, Macarıstana neft tədarükünün dayandırılmasına səbəb olub.