Kofe sənayesini nə gözləyir – quraqlıq... xurma tumundan espresso

Konqoda işçilər qurudulmuş qəhvə dənələrini paketləmək üçün çeşidləyirlər.

Kofe istehsalçılarının çətinlikləri azalmır. Müxtəlif xəstəliklərlə mübarizə azmış kimi, dərdlərinin üstünə biri də gəlib. Tramp administrasiyasının tarifləri satışa təhdid yaradır.

NPR ekspertlərə istinadla yazır ki, uzunmüddətli perspektivdə qəhvə sənayesi indiki kimi qala bilməyəcək. İşçi qüvvəsi də azalır, qəhvə becərilən ərazilər də.

İqlim dəyişikliyinin təsirindən dolayı qəhvə becərilməsi üçün əlverişli torpaqlar 2050-ci ilə qədər 50 faiz azala bilər. Bunu 2014-cü ildə aparılmış bir araşdırma üzə çıxarıb. Belə ki, Braziliya və Vyetnam kimi dünyanın ən böyük iki qəhvə istehsalçısı olan ölkədə çox məhsuldar ərazilər qəhvə üçün yararsız hala gələ bilər.

Məsələn, arabika dəniz səthindən 1200 metr yüksəklikdə becərilir. Yer kürəsi istiləşdikcə fermerlərin işi çətinləşir, bu bitkini dağlarda yetişdirməli olurlar.

Qrinviç Universitetinin professoru, Mərkəzi Amerikada on illərlə qəhvə araşdırmaçılığı etmiş Ceremi Haqqar quraqlığın daha böyük problem olduğunu deyib. Məsələn, bir dəfə Nikaraquada quraqlıq həddən artıq uzanıb deyə, "bütün sistem çökməyə başlamışdı".

Digər yandan, bir çox ölkələrdə qəhvə fermerləri yoxsulluq həddində yaşayır, bəzən ondan da aşağı. Kofenin dünya bazarındakı qiyməti də dəyişkəndir, istehsal xərci nəzərə alınmır. Haqqa deyir ki, qəhvə bitkisinin bar verməsi bir neçə il çəkə bilər deyə, fermerlər gərək öncəni planlaşdırsınlar, bunu isə etmək çətindir.

Miqrasiya, ağır iş şəraiti də sözünü deyir. Fermerlər yaşlanır, gənc nəsil isə çoxdan şəhərə köçüb.

Mütəxəssislər bugünkü durumun köklərinin quldarlıq və müstəmləkəçiliyə gedib çıxdığını deyirlər. Vaxtilə Avropa ölkələri afrikalıları tropik qəhvə plantasiyalarında qul kimi işlədirdilər.

Robusta dünyada ən çox yetişdirilən ikinci qəhvə növüdür. 1990-cı illərin əvvəllərində qlobal istehsalın təxminən 25 faizini təşkil edirdi, bu gün 45 faizi keçib. Onu yetişdirmək daha ucuz başa gəlir və ani qəhvədə istifadə olunur.

NPR bazarda sintetik qəhvəyə marağın arta biləcəyini yazır. Sintetik espresso xurma tumları və digər bitki əsaslı maddələrdən hazırlanır.

Oktyabrın 1-i Beynəlxalq Kofe Günüdür, 2015-ci ildən qeyd olunur.