Oktyabrın 10-na keçən gecə Rusiyanın hücumları Kiyevin şərqində elektrikin kəsilməsinə səbəb olub. Ukrayna paytaxtının mərkəzində isə çoxmərtəbəli binada yanğın baş verib. Rəsmilərin ölkənin enerji infrastrukturuna zərbə endirildiyini deyirlər.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, şəhərin mərkəzi rayonlarından birində çoxmərtəbəli binanın 6-cı və 7-ci mərtəbələrinə dron zərbəsi yanğına səbəb olub. Hücumda həm dronlardan, həm də raketlərdən istifadə edilib.
Onlayn video və fotolarda yanan mənzillər, yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı görünür.
Kiyevin meri Vitali Kliçko doqquz nəfərin xəsarət aldığını, onlardan beşinin xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, şəhərin şərq rayonlarında elektrik kəsilib: "Paytaxtın sol sahili işıqsız qalıb. Su təchizatında da problemlər var".
Ukrayna Hərbi Hava Qüvvələri hücumu "kütləvi" adlandırıb. Paytaxt üzərində bir neçə partlayış və dron səsləri eşidilib.
Energetika naziri Svetlana Qrinçuk hücum nəticəsində ölkənin enerji infrastrukturuna da ziyan dəydiyini açıqlayıb.
Ukraynanın cənub-şərqdə yerləşən Zaporojye şəhərində də gecə saatlarında bir neçə obyektə dron hücumları olub. Vilayət qubernatoru İvan Fyodorov bildirib ki, hücumda yaralanmış 7 yaşlı uşaq xəstəxanada vəfat edib.