Sentyabrın 9-da Qətərin paytaxtı Dohada partlayışlar baş verib. İsrail ordusu HƏMAS rəhbərliyinə zərbə endirib. ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu təşkilat sayır.
Azərbaycan Qətərə hücumdan narahatdır
"Qətərə hücumdan dərin narahatıq". Bu bəyanat Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 9-da yaydığı açıqlamada yer alır.
Açıqlamada qeyd edilib ki, rəsmi Bakı Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir: "Regionda sabitliyi təmin etmək üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".
Tramp Qətər əmirinə zəng edib
ABŞ prezidenti Donald Tramp İsrailin HƏMAS qruplaşmasının Qətərdə olan siyasi liderlərinə zərbə endirmək qərarını dəstəkləməyib, - Ağ evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"HƏMAS-ın məhvi layiqli məqsəd olsa da, Dohaya zərbələr nə İsrailin, nə də Birləşmiş Ştatların maraqlarına cavab verir", – o deyib.
Livittin sözlərinə görə, prezident Tramp xüsusi elçi Stiv Uitkoffa Qətər hakimiyyətini gözlənilən zərbə barədə "dərhal" məlumatlandırmağı tapşırıb. "Prezident Qətərə ABŞ-nin güclü müttəfiqi və dostu kimi baxır və bu hücumla bağlı təəssüf hissi keçirir", - mətbuat katibi əlavə edib.
Zərbədən sonra Tramp İsrail və Qətər rəhbərliyi ilə telefon danışığı aparıb.
Ancaq AFP-nin məlumatına görə, Qətər rəsmiləri İsrailin gözlənilən hücumu ilə bağlı əvvəlcədən xəbərdarlıq almadıqlarını bildiriblər.
İsrailin HƏMAS liderlərinə hücumundan dağılmış bina.
Netanyahu: Dohada HƏMAS-a zərbə Qüdsdəki terror aktına cavabdır
İsrail HƏMAS radikal Fələstin qruplaşmasının Qətərdə olan siyasi rəhbərliyinin üzvlərinə qarşı planlaşdırılan zərbələr barədə ABŞ administrasiyasını xəbərdar edib. Bu barədə AFP Ağ evin sözçüsünə istinadən xəbər verir.
Sentyabrın 9-da Dohada hədəflərə endirilən zərbələrdən dərhal sonra İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyanatla çıxış edib: "HƏMAS terror təşkilatının liderlərinə bugünkü hücum İsrailin tamamilə müstəqil əməliyyatı idi. Təşəbbüskarı İsrail idi, icraçısı İsrail idi və buna görə bütün məsuliyyəti İsrail daşıyır".
Daha sonra Netanyahu və müdafiə naziri İsrael Kats birgə bəyanat yayaraq HƏMAS-ın siyasi liderlərinin ləğvi barədə qərarın bazar ertəsi, sentyabrın 8-də Qüdsdəki terror aktından sonra qəbul edildiyini açıqlayıb. Terraktda altı israilli həlak olub.
Qətər hakimiyyəti zərbələrin HƏMAS üzvlərinin yaşadığı evlərə dəydiyini bildirib, İsrailin hərəkətlərini pisləyib, beynəlxalq hüququ pozduğunu bəyan edib.
Qətər İsraillə HƏMAS arasında Qəzzada atəşkəslə bağlı dolayısı ilə gedən danışıqlarda vasitəçilik edir. HƏMAS-ın siyasi ofisi bu ölkədə yerləşir və daha öncə İsrailin hədəfinə tuş gəlməyib.
"Əl-Cəzirə" və başqa KİV-lərin yazdığına görə, HƏMAS rəhbərləri son sülh təkliflərinin müzakirəsi üçün Dohaya yığışıblar.
Qəzza şəhərində İsrailin hava hücumundan çökən bina.
İsrail Qəzza sakinlərini şəhərdən çıxmağa çağırıb
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinin sakinlərinə İsrail qoşunlarının əsas hücumundan öncə şəhərdən çıxmağı tövsiyə edib. Bu haqda o, İsrail Hərbi Hava Qüvvələrinin əməliyyat qərargahından videomüraciətində bildirib. Xəbəri "The Times of Israel" yayıb.
Netanyahu sentyabrın 8-də deyib ki, öncəki iki gündə 50 "terror" obyektinin sıradan çıxarılması şəhərin tam ələ keçirilməsinin əvvəlidir. "Bütün bunlar indi Qəzza şəhərində toplaşan qüvvələrimizin əsas quru manevrlərinin müqəddiməsidir", – Netanyahu bildirib.
İsraillilər ertəsi gün Qəzza şəhərinə vərəqələr ataraq fələstinlilərdən şəhərdən çıxmağı tələb ediblər.
Müharibədən öncə bu şəhərin təxminən bir milyon nəfər əhalisi olub.
Evakuasiya əmri sakinlər arasında çaxnaşma və çaşqınlıq yaradıb. "Reuters" xəbər verir ki, sakinlər gizlənə biləcəkləri təhlükəsiz yer tanımadıqlarını deyirlər. Bir çox fələstinli isə Qəzzada qalacağını bildirib. Agentlik, hələlik, kütləvi köçün olmadığını yazıb.
İsrailin Müdafiə Nazirliyi avqustun 20-də Qəzzaya hücum planını təsdiqləyib. Avqustun 29-da isə döyüşlərdəki gündəlik "taktiki" fasilələr ləğv olunub. Bu fasilələrdə dinc əhaliyə yardım çatdırılırdı.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.