Məhkəmə Elvin Mustafayevi ciddi rejimli həbsxanada saxladı

Elvin Mustafayev

Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin işi üzrə proses keçirilib.

Məhkəmə fəalın 6 ay müddətinə ciddi rejimli həbsxanaya köçürülməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Prosesə hakim Elmar Rəhimov sədrlik edib.

E.Mustafayevin yaxınlarının bildirməsinə görə, müdafiə tərəfi məhkəmədə qərarın əsassız olduğunu vurğulasa da, şikayət qəbul edilməyib.

İyulun 10-da Nizami rayon Məhkəməsi 6 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatını təmin edərək onun ciddi rejimli həbsxanaya köçürülməsinə qərar verib. Təqdimatda Mustafayevin daxili intizam qaydalarını pozduğu, müxalifətçiliklə məşğul olduğu və əsassız şikayətlər etdiyi iddia olunub. Fəal isə ittihamları rədd edərək bunları təzyiq və bəhanə adlandırıb, müəssisədə işgəncəyə məruz qaldığını bildirib.

Ancaq bundan əvvəlki prosesdə E.Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti əsassız sayaraq prokurorluğa sorğu göndərməyə razılıq verməmişdi.

Xatırlatma

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunub. Bu ittihamla ona 3 il həbs cəzası kəsilib.

O, ittihamı qəbul etmir, üzərindən narkotik tapılması barədə iş materiallarında yazılanları "yalan" adlandırır, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

E.Mustafayev daha öncə də xırda xuliqanlıq və polisə müqavimətdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuş, o zaman da ittihamları qəbul etməmişdi.

Hazırda "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və daha iki üzvü - Ayxan İsrafilovla Möhyəddin Orucov da müxtəlif ittihamlarla (bıçaqla xəsarət yetirmə, narkotik) həbsdədir. Onlar da işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərləndiklərini deyirlər.

Hökumət rəsmiləri ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını, həbs olunanların konkret faktlar əsasında saxlanıldığını bildirirlər.