Meclis.info platformasının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yarandığı bildirilir. Onun bel və oynaq ağrılarından əziyyət çəkdiyi, həmçinin bədəninin bəzi hissələrində mənşəyi bilinməyən şişlərin əmələ gəldiyi deyilir.
Bu barədə onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, uzunmüddətli məhkəmə prosesi və Bakı İstintaq Təcridxanasındakı ağır şərait İ.Əliyevin həm fiziki, həm də psixoloji vəziyyətinə ciddi təsir göstərib: "Məhkəmənin uzanması onu çox sarsıdıb. Oktyabrın 14-də keçiriləcək iclası ümidlə gözləyirdi, lakin cəmi bir gün qalmış prosesin təxirə salındığını öyrənəndə əsəb pozuntusu keçirdi. Buna baxmayaraq, onu zorla məhkəməyə aparıblar".
Yaxınlarının əlavə etməsinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib. Onun və digərlərinin məhkəməsi mayda başlayıb.
Bu açıqlamalara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən, bir qayda olaraq, deyirlər ki, məhkumlarla qanun çərçivəsində davranırlar.
İ.Əliyev ötən il aprelin 19-dan həbsdədir. Ona ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham açıqlanıb. İstintaqın sonunda ona cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. yeni ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
İstintaqın sonunda ictimai fəal Elgiz Qəhrəman və Tamilla Musayeva da onunla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıblar. Onların barəsində polis nəzarəti altına vermə-qətimkan tədbiri seçilib.
Adları çəkilən üç nəfərin heç biri özünü təqsirli bilmir və ittihamları qəbul etmir.
Meclis.info platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ bilgiləri diqqətə yetirirdi.
Xatırlatma
Bütövlükdə götürəndə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 390 nəfərdən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.