Gürcüstan polisi Tbilisidə 4 oktyabr mitinqinin daha 13 iştirakçısını saxlayıb. Bu barədə daxili işlər nazirinin müavini Aleksandr Darxvelidze məlumat verib. Onun sözlərinə görə, daha iki iştirakçının şəxsiyyətləri müəyyən edilib, amma onlar istintaqdan gizlənirlər, digərlərinin kimliyi müəyyənləşdirilir.
Baş nazir İrakli Kobaxidze isə bildirib ki, "hakimiyyətin devrilməsi cəhdi uğursuz olub" və bu işdə iştirak edənlər "ciddi cəza alacaqlar".
Kobaxidze "Rustavi 2" telekanalının efirində parlament binası qarşısındakı aksiyaları şərh edib, iştirakçılara cavab veriləcəyini söyləyib. O, bəzi etirazçıları "xarici agentlər", digərlərini isə "səmimi axmaqlar" adlandırıb: "Yüz xarici agent dörd milyon vətəndaşın, onların iqtisadiyyatının və milli maraqlarının əleyhinə hərəkət edirsə, bu, qəbuledilməzdir. Bu insanlara heç bir mərhəmət göstərilməyəcək. Biz qanun və Konstitusiya çərçivəsində hərəkət edirik".
Kobaxidze bildirib ki, etirazçılara yolları bağlamağa icazə verilməyəcək.
Parlament binası qarşısında ötən il noyabrın 28-dən aksiyalar davam edir. O zaman Kobaxidze Avropaya inteqrasiyanın 2028-ci ilədək dayandırılmasını elan etmişdi. Etirazçılar növbədənkənar seçkilərin keçirilməsini, saxlanmış bütün nümayişçilərin buraxılmasını tələb edirlər.
İrakli Nadiradze, Murtaz Zodelava, Paata Burçuladze, Paata Mancqaladze
6 oktyabr
Tbilisidə saxlanan fəallara ittihamlar irəli sürülüb
Gürcüstan prokurorluğu 4 oktyabr etiraz aksiyasının təşkilat komitəsinin beş üzvünə ittihamlar irəli sürüb. Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze qrup halında zorakı hərəkətlərin təşkili və onlara rəhbərlik, strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsinə cəhd, Gürcüstanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham olunurlar.
P.Burçuladzenin oktyabrın 4-də Azadlıq meydanında toplaşanlara hərəkət planını təqdim etdiyi, M.Zodelavanın etirazçıları strateji və xüsusi əhəmiyyətli obyekt olan prezident administrasiyasının binasına hərəkət etməyə və onu zorla ələ keçirməyə çağırdığı bildirilir. O da vurğulanır ki, zorakılıq iştirakçıları bələdiyyə və özəl mülkiyyəti qəsdən məhv edib, polis əməkdaşlarını söyüb, daş, digər ağır predmetlərlə hücum ediblər. Bu ittihamlar üzrə 9 ilədək həbs cəzası nəzərdə tutulub.
Oktyabrın 4-də yerli özünüidarə orqanlarına seçkilər günü Tbilisidə böyük etiraz aksiyası keçirilib. Etirazçılardan bəziləri prezident sarayına girməyə çalışıb. Polis mitinqin təşkilat komitəsinin beş üzvünü saxlayıb. Hakimiyyət aksiyada iştirak edənlərin saxlanacağını da elan edib.
İrakli Kobaxidze
5 oktyabr
Tbilisidə gərginlik qalır. Kobaxidze qərbyönlü etirazçıları həbslə hədələyib
Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətə qarşı çıxan fəalları həbslərlə hədələyib. Bu bəyanat Tbilisidə seçkilərdən sonra kütləvi etirazların ardınca səslənib.
"Bir neçə nəfər artıq həbs olunub. Onlar, əsasən, çevriliş cəhdinin təşkilatçılarıdır", – Kobaxidze oktyabrın 5-də jurnalistlərə deyib.
"Heç kim cəzasız qalmayacaq... Dövlətə və hüquq-mühafizə orqanlarına qarşı törədilən zorakılığa görə çoxları cəzasını gözləsin", – o əlavə edib.
Daxili İşlər Nazirliyi (DİN) bəyanatında bildirib ki, "ictimai asayiş və təhlükəsizliyə təhdidi önləməkdən ötrü uyğun tədbirlər görüləcək".
Oktyabrın 4-də Tbilisidə küçə etirazlarının azı beş təşkilatçısı, o cümlədən fəallar Paata Burçuladze və Murtaz Zodelava həbs olunub.
70 yaşlı məşhur opera ulduzu Burçuladze həbsindən öncə DİN əməkdaşlarını xalqın çağırışına qulaq asıb hakim "Gürcü Arzusu" partiyasının liderlərini həbs etməyə çağırıb.
Oktyabrın 5-də gecə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SSS) paytaxtın kənarında böyük silah, mərmi və partlayıcılar anbarı aşkarladığını bildirib.
SSS iddia edir ki, silahlar oktyabrın 4-də yerli seçkilərdə "qanunsuz fəaliyyətlər" üçün nəzərdə tutulub. Beynəlxalq qurumlar seçkilərin qorxutma və təzyiq altında keçirildiyini bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Gürcü Arzusu'nun qələbəsi: Gürcüstanda əslində nə baş verdi?
Aİ seçki prosesini pisləyib
Müxalifət seçkiləri, əsasən, boykot edib, "Gürcü Arzusu" isə hər bir seçki dairəsində qalib gəldiyini açıqlayıb.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas oktyabrın 5-də seçki prosesini pisləyib. O, seçkinin narazılara qarşı böyük təzyiqlər fonunda keçirildiyini bəyan edib.
"Müstəqil media üzərinə reydlər, vətəndaş cəmiyyətinə qarşı qanunların qəbulu, müxalifətçilərin və fəalların həbsi, habelə seçki qanunvericiliyinə hakim partiyanın xeyrinə dəyişikliklərin edilməsi rəqabətli seçki imkanını ciddi azaldıb. Müxalifətin böyük hissəsi bu seçkiləri boykot edib, seçici iştiraklılığı nisbətən aşağı olub", – Kallas bildirib.
"Seçkilərdən sonrakı dövrdə sakit və təmkinli olmağa, hakimiyyəti vətəndaşların toplanma və ifadə azadlığı hüquqlarını qorumağa çağırırıq", – Kallas və Avropa İttifaqının Genişlənmə Komissarı Marta Kos birgə bəyanatda deyiblər.
Aİ-yə müdaxilə suçlaması
Kobaxidze Aİ-ni Gürcüstanın işlərinə müdaxilədə suçlayıb, Aİ-nin səfiri Pavel Herçinskini misal çəkib.
"Xaricdən konkret adamlar bütün bunlara birbaş, konstitusiya quruluşunu devirmək cəhdinin elanına dəstək ifadə edib", – deyən Kobaxidze Aİ-nin Gürcüstandakı səfirinin xüsusi məsuliyyət daşıdığını söyləyib, onu Tbilisi küçələrində baş verənləri sərt pisləməyə çağırıb.
Kallas və Kos isə birgə bəyanatda Aİ-nin Gürcüstandakı roluna dair dezinformasiyanı, bu ölkədəki səfirinə şəxsi hücumları rədd edərək pisləyib.
Qərbyönlü etirazçılar ötənilki parlament seçkilərindən sonra iddia olunan pozuntulara qarşı başladılan gündəlik nümayişləri canlandırmaq istəyir.
Hökumət seçkidən sonra Aİ-yə üzvlük danışıqlarını dayandırıb. Müxalifət hökuməti rusiyayönlü siyasət yürütməkdə suçlayır.
Hakimiyyət həm bu, həm də narazıları susdurmasına dair iddiaları rədd edir.