Gömrük Komitəsi büdcə proqnozlarını doğrultmayıb

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında. 10 iyun 2025

2025-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 29 milyard 142.4 milyon manat təşkil edib. Bununla da proqnoz 675.2 milyon manat və ya 2.4 faiz üstələnib.

Bu barədə bu gün, oktyabrın 6-da Maliyyə Nazirliyinin (MN) məlumatında bildirilir.

Gəlirlərdə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455.8 milyon manat (614.2 milyon manat çox), Əmlak Məsələləri Dövlət Xidməti üzrə 34.5 milyon manat (8.2 milyon manat çox) təşkil edib. Dövlət Neft Fondundan transfert isə 10 milyard 860.7 milyon manat olub, bununla da proqnoz 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsindən 4 milyard 748 milyon manat (98.4 faiz icra olunub),dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən 480.2 milyon manat (73.3 faiz) daxil olub.

Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin doqquz ayı ərzində 24 milyard 668.2 milyon manat məbləğində icra edilib.

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon, xərcləri isə 41 milyard 407.6 milyon manat proqnozlaşdırılır.

Hökumət xərcləmələrdə 5 milyard manatdan çox qənaət edib ki...

Ayrı-ayrı ekspertlərin fikrincə, hər şey proqnoza uyğun getsəydi, indi dövlət büdcəsinin xərcləmələri 30-31 milyard manat ətrafında olmalıydı. Onların hesablamalarına görə, hökumət xərcləmələri proqnozla müqayisədə azı 5 milyard manatdan çox azaldıb.

Həmin ekspertlərin fikrincə, hökumət bu tip açıqlamalarında, əsasən, belə bir niyyət güdür: Cəmiyyəti psixoloji baxımdan post-neft dövrünə hazırlamaq və göstərmək ki, "qara qızıl"la inkişaf edən Azərbaycan artıq neftsiz də yaşaya bilər, bundan təşviş keçirmək lazım deyil.

Onlar hesab edirlər ki, əslində isə cərimə, tarif, aksiz, vergi yükünün artımı ilə xariqələr yaratmaq mümkünsüzdür, iqtisadiyyatın qeyri-neft sektorunda da aydın yanaşma olmalıdır.