Makron 48 saatın içində yeni baş nazir təyin edəcək

Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron 48 saat içində yeni baş nazir təyin edəcək. Prezidentin ofisi oktyabrın 8-də bildirib ki, deputatların çoxu Fransada erkən parlament seçkilərinin keçirilməsinə qarşıdır.

Son iki ildə Fransanın beşinci baş naziri olmuş Sebstyan Lekornyu oktyabrın 6-da, hökumətin tərkibini açıqlayandan bir neçə saat sonra istefa verib. Bu, müasir Fransanın tarixində ən qısa müddətli hökumət olub.

Lekornyu Makronun xahişi ilə sol mərkəzçi və sağ mərkəzçi siyasi liderlərlə əlavə məsləhətləşmələr aparıb.

Yelisey sarayı onun apardığı danışıqlara əsasən bildirib ki, "deputatların əksəriyyəti parlamentin buraxılmasına qarşıdır; sabitlik üçün platforma mövcuddur; büdcə dekabrın 31-cən qəbul oluna bilər".

Prezidentin də növbəti 48 saat ərzində baş nazir təyin edəcəyi açıqlanıb.

Lekornyu hökumətinə etimadsızlıq göstəriləcəyi təhdidləri qarşısında istefa verib, bu isə Fransada dərin qeyri-sabitliyin göstəricisidir. Parlamentdə heç bir qrup və ya partiya çoxluğa malik deyil, partiyalar ölkənin maliyyə böhranını həll etmək kimi əsas məsələlərdə kompromis tapa bilmirlər.

Bu həftə Makronun istefa verməsi, yaxud erkən parlament seçkiləri keçirməsi çağırışları səslənib. Çağırışlar, əsasən, ifrat sağçı və solçulardan, eləcə də prezidentin keçmiş müttəfiqlərindən gəlib.

Eduard Filipp və Emmanuel Makron

7 oktyabr

Makronun keçmiş müttəfiqi vaxtından əvvəl prezident seçkiləri keçirməyə çağırır

Fransanın keçmiş baş naziri Eduard Filipp ölkədəki siyasi böhrana görə vaxtından əvvəl prezident seçkiləri keçirməyə çağırır. Bunu o, RTL radiosuna müsahibəsində deyib.

E.Filipp prezident Emmanuel Makronun ilk prezidentlik müddətində baş nazir olub və hazırda onun mərkəzçi siyasi blokunun liderliyinə namizəd kimi göstərilir. Amma sorğulara görə, sağçı "Milli birlik" partiyasından xeyli geridədir.

Dünən, oktyabrın 6-da Sebastyen Lekornyu baş nazir postunda bir ay qalmadan istefa verib, hökumət də süqut edib.

Filippin çağırışını sağçı "Milli birlik" partiyasının lideri Jordan Bardella da dəstəkləyib. O, "BFM TV"yə müsahibəsində öncə parlamentin buraxılmasını, daha sonra ya parlament, ya da prezident seçkilərinin keçirilməsini təklif edib. Məlumatı "Reuters" yayıb.

Fransada ötən il növbədənkənar parlament seçkilərindən artıq dördüncü dəfədir hökumət iflas edir. Ölkədə prezident seçkiləri 2027-ci ilə təyin olunub.

Makron Lekornuya “tədbirlər və sabitlik platforması" üzrə "son" danışıqlar aparmağı tapşırıb və oktyabrın 8-i axşamadək vaxt verib.

Baş nazir çərşənbə axşamı səhər partiya rəhbərləri ilə görüşlərə başlayıb. Lakin parlamentdə aydın çoxluğun olmaması və sağçı respublikaçılar kimi keçmiş müttəfiqlərin Makronun mərkəzçi ittifaqından uzaqlaşması səbəbindən onun uğur qazanma şansı zəifdir. Bunu "The Financial Times" yazır.

Makron istefa verəcəkmi?

CNBC bundan sonrakı mümkün proseslərlə bağlı yazır ki, Makron son iki ildən də az müddətdə altıncı baş naziri seçə, yaxud parlamenti buraxaraq yeni seçki təyin edə bilər. Amma təhlilçilər onun istefasını real saymırlar.

INSEAD təhsil ocağında siyasi elmlər professoru Duqlas Yeyts deyir ki, Makronun istefaya getməyəcəyindən əmindir və hazırda ən asan iş başqa bir baş nazir elan etməkdir: "Bunu o, köynəyini dəyişdirdiyi kimi sevir və yeni baş nazir də uzun müddət qalmasa, başqasını seçə bilər".

Təhlilçi Fransa prezidentinin yeni seçki çağıracağına da inanmır, çünki "sonuncu dəfə bu, çox katastrofik alındı", yeni seçki Fransada siyasətin necə qütbləşdiyini əks etdirəcək: "Adamlar onun partiyasından çıxaraq qəlbləri ilə sola, yaxud sağa səs verəcəklər".

Makronun başqa partiyadan, məsələn Sosialist Partiyasından baş nazir seçməsi isə öncəki administrasiyaların təqdim etdiyi, amma uğursuz olan islahatlar, xərclərin daha da azaldılması demək olar.

Emmanuel Makron və Sebastyen Lekornyu

6 oktyabr

Lekornyu baş nazir postunda heç bir ay qalmadı

Fransanın baş naziri Sebastyen Lekornyu oktyabrın 6-da, hökumətin ilk iclasından öncə istefa verib. O, bir ay deyildi baş nazir təyin olunmuşdu.

"Le Figaro" və BFM TV prezident Emmanuel Makronun istefanı artıq qəbul etdiyini xəbər verir.

Lekornyunun baş nazirliyi müasir Fransa tarixinə ən qısa müddət kimi düşür.

Ötən axşam Lekornyu yeni nazirlər kabinetinin tərkibini açıqlayıb. Onun heyətində əsas vəzifələri prezident Makronun tərəfdarları, əvvəlki hökumətin nazirləri tutub. "BFM TV" müxalifətin bu addımı sərt tənqid etdiyini bildirir.

Lekornyu bu il Fransada istefa verən üçüncü, 2022-ci ildən bəri altıncı baş nazirdir.

Ondan əvvəlki baş nazir Fransua Bayru vəzifəyə təyin ediləndən doqquz ay sonra, sentyabrın 8-də parlamentin hökumətinə etimadsızlıq göstərməsindən sonra istefa verib. O, büdcəni parlamentdən keçirə bilməmişdi. Bu layihə defisitin azaldılması üçün sərt iqtisadi tədbirləri nəzərdə tutur.

Oktyabrın 5-də təhlilçilər bildirirdilər ki, Lekornyun hökuməti də büdcəni qəbul edə bilməyəcək.

"Le Figaro" müxalif siyasətçilərin parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi çağırışlarını dərc edib. Bəziləri isə prezident Makronun istefasını tələb edir, yaxud impiçment olunmasını istəyir.

Hökumətə daxil olan Respublika Partiyası isə bu axşam kabinetdən çıxmaq qərarı verə bilər, partiyanın strateji komitəsi bu məsələni müzakirə edəcək.