Fransa prezidenti Emmanuel Makron sentyabrın 22-də Fələstin Dövlətinin rəsmən tanıdıqlarını elan edib. Bu bəyanat Fransa və Səudiyyə Ərəbistanının BMT-nin Nyu-Yorkdakı qərargahında təşkil etdiyi sammitdə səsləndirilib. Sammit İsrail və Fələstin münaqişəsinin ''iki dövlət'' prinsipi əsasında həllinə həsr olunub.
Makron Fələstin Dövlətini tanımaq niyyətini bir neçə ay əvvəl açıqlamışdı. O, BMT tribunasından çıxışında bu qərarın sülhə yol açacağını deyib.
Bir gün öncə Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya da Fələstin Dövlətini tanıdıqlarını bildiriblər. Malta, Andorra, Belçika, Lüksemburq və San-Marino da bu addımı atacaqlarını bəyan ediblər. İsrail bu qərarı tənqid edir. Birləşmiş Ştatlar isə bildirir ki, Fələstin ərazilərinin dövlət quruluşu məsələləri yalnız İsrail-Fələstin danışıqları çərçivəsində həll olunmalıdır. Almaniya və İtaliya da Fələstin Dövlətinin tanınmasına dair çağırışları dəstəkləməyib.
Bir vaxtlar Britaniya mandatı altında olan Fələstin ərazisində yəhudi (İsrail) və ərəb (Fələstin) dövlətlərinin yaradılması BMT qətnamələrində də nəzərdə tutulub. İsrail 1948-ci ildə müstəqilliyini elan edib, 1967-ci ildən sonra İordan çayının Qərb sahilini və Qəzza zolağını nəzarətə götürüb. Bundan sonra qurulan Fələstin Milli Administrasiyası yalnız Qərb sahilinin bir hissəsini idarə edir. Qəzza zolağında isə 2007-ci ildən bəri ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı, İsraillə müharibə vəziyyətində olan HƏMAS qruplaşması hakimiyyətdədir.
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Nyu-Yorkdakı konfransa videobağlantı ilə qoşulub. O, HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücumunu pisləyib, təşkilatı silahları muxtariyyət hakimiyyətinə təhvil verməyə çağırıb.