Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ( AFFA) məlumatında bildirilir.
Məlumata görə, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Qurumdan bildirildiyinə görə, yığmanı sabah, sentyabrın 9-da Ukrayna ilə qarşılaşmaya U-21 komandalarının baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Bu məlumata F.Santuşun özündən münasibət almaq mümkün olmayıb.
Bir il üç ay...
F.Santuş ötən ilin iyununda bu posta gətirilmişdi. Baş məşqçisi postuna portuqaliyalı mütəxəssis gətirildikdən sonra futbol üzrə Azərbaycan yığması Millət Liqasında C divizionundan daha aşağı D divizionuna düşmüşdü. İki gün öncə, sentyabrın 6-da isə Azərbaycan yığması dünya çempionatının (2026) seçmə mərhələsindəki ilk qrup oyununda Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı ilə məğlub olmuşdu.
Bu məğlubiyyət də ona olan tənqidləri artırmışdı. Santuşun özü isə bu nəticələri yalnız özünün məsuliyyəti saymadığını bildirib və istefa vermək niyyətində olmadığını açıqlamışdı. "Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik", - o, son oyundan sonra vurğulamışdı.
AFFA rəhbərliyi ötən ilin iyununda F.Santuşla "3+1" illik müqavilə bağladığını açıqlamışdı.
Avropa çempionu...
F.Santuş 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu tituluna sahib olsa da, sonradan onun fəaliyyəti bir elə də uğurlu sayılmayıb. Daha sonra Polşa yığması və "Beşiktaş" klubunu çalışdıran portuqaliyalı mütəxəssislə qısa bir dönəm ərzində yollar ayrılıb.
Azərbaycanla isə onun müqavilə şərtlərinin detalları açıqlanmayıb. Futbol ekspertləri bununla bağlı AFFA-nı qeyri-şəffaf olmaqda günahlandırıblar. Onların vurğulamasına görə, AFFA-nın xarici mütəxəssislərlə müqaviləsi, bir qayda olaraq, ictimaiyyətə açıqlanmır.
AFFA-dan belə tənqidlərlə bağlı hər hansı açıqlama olmayıb.