Həbsdəki alim hakimlərə etirazını bildirib, vəkilindən də imtina etdi: 'Heç bir vəsatətim təmin olunmur'

Sizin brauzer HTML5-i dəstəkləmir

İki ildir həbsdə olan Fazil Qasımov bir aydır aclıq aksiyası keçirir (ARXİV)

İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ildir həbsdə olan Fazil Qasımov Bakı Apellyasiya Məhkəməsində işinə baxan hakimlər kollegiyasına etiraz verib. O, etirazını da belə əsaslandırıb ki, Aqil Musayevin sədrlik etdiyi hakimlər kollegiyası işin obyektiv araşdırılmasından ötrü qaldırılan vəsatətlərin heç birini təmin etmir.

Bakı Apellyasiya Məhkəməsində F.Qasımovun 9 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılır.

Avqustun 19-da keçirilən məhkəmə iclasında təqsirləndirilən alim apellyasiya şikayətinə əlavələrini diqqətə yetirib. O, əlavə şahidlərin dindirilməsi, bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıb.

F.Qasımov 2023-cü ildə İstanbulda iqtisadçı Qubad İbadoğlu ilə görüşərkən ona saxta dollar verməkdə suçlanır. İddia edilir ki, Q.İbadoğlu saxta pulları Bakıya gətirib və az sonra həbs olunub. Onlar əlbirlikdə suçlansalar da, Q.İbadoğlu ötən ilin aprelində ev dustaqlığına buraxılandan sonra haqqındakı cinayət işi ayrılıb.

F.Qasımovun İstanbulda Q.İbadoğlu ilə görüşərkən yanında olmuş Bəxtiyar Quluzadənin də məhkəmədə dindirilməsini istəyib.

Onun sübutlar siyahısından çıxarılmasını istədiyi sənədlər arasında pulun saxta olması barədə ekspert rəyi və başqa sənədlər var: "Hələ axtarış keçirilməyib, pul tapılmayıbsa, ekspertiza bir gün əvvəldən necə rəy verə bilərdi ki, o pul saxtadır?".

F.Qasımovun daha bir vəsatəti də ev dustaqlığına buraxılması haqda olub.

Hakimlər qaldırılmış vəsatətlərin heç birini təmin etməyiblər. F.Qasımov hakimlərin qərəzli olduğunu vurğulayaraq onların ədalətli qərar verməyəcəyinə indidən əminliyini dilə gətirib və buna dayanaraq hakimlər kollegiyasına etiraz verib. Ancaq etirazı da baxılmamış saxlanılıb.

Vəkil Nemət Kərimli

Ardından təqsirləndirilən alim öz vəkilindən də imtina edib. O bildirib ki, faktiki müdafiə hüququ pozulur, məhkəmədə heç nəyə nail ola bilmir. F.Qasımov vəkili Nemət Kərimlidən imtina etməsi haqda ərizəni məhkəməyə təqdim edib və dövlət hesabına vəkillə təmin olunmasını istəyib. Lakin məhkəmə onun vəkildən imtina barədə ərizəsini qəbul etməyib.

Vəkil N.Kərimli məhkəmənin mövqeyinin qanunazidd olduğunu vurğulayıb: "Təqsirləndirilən şəxs vəkildən imtina edirsə, məhkəmə onun ərizəsini qəbul etməlidir. O, vəkilindən imtina etməsi barədə vəsatət verib və dövlət hesabına vəkillə təmin edilməsini istəyib. Vəkil də qanuna əsasən hakimin ərizəni mütləq qəbul etməli olduğunu deyib. Qanun bunu deyir. Demək olmaz ki, zorla kimsə sənin vəkilin olmalıdır. Adam istəmirsə, məhkəmə də qəbul etməlidir".

F.Qasımovun məhkəməsi avqustun 25-dək ertələnib.

Xatırlatma

Fazil Qasımov 2023-cü il avqustun 8-də - Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni - Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib.

Q.İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir bölümünün saxta olduğu iddia edilib. Təqsirləndirilən professorsa bu pulları ofisə elə hüquq-mühafizə orqanları əməkdaşlarının atdığını söyləyib.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

F.Qasımovun haqqındakı cinayət işi isə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib.