Europol: Hərbi cinayətlərdə şübhəli bilinən 'Vaqner' və 'Redut' üzvləri müəyyən edilib

Moldovada Vaqner-lə əlaqəli 3 nəfər həbs olunub

Europol Ukraynada müharibə cinayətlərində şübhəli bilinən, Rusiyanın “Vaqner” və “Redut” özəl hərbi şirkətlərinin 654 üzvünün şəxsiyyətinin müəyyənləşdirildiyini bildirir.

Şübhəlilər arasında Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina vətəndaşlarının olduğu bildirilir. Onların müharibə əsirlərinin və mülki şəxslərin edamı, habelə cinsi zorakılıq kimi müharibə cinayətlərində iştirak etdikləri ehtimal olunur.

Oktyabrın 31-də Europol Moldova və Ukraynaya həmin şübhəlilərlə bağlı istintaqda kömək etdiyini açıqlayıb. Əsas diqqət Ukraynadakı təcavüzkar müharibədə törədilmiş müharibə cinayətlərində iştirak edən şəxslərə yönəlib.

Europol bildirir ki, oktyabrın 29-da Moldova və Ukraynada 70 evdə axtarış aparılıb; atıcı və soyuq silahlar, sursat, geyim formaları, “Vaqner” qrupunun nişanları olan emblemlər və elektron avadanlıqlar götürülüb. Europol Ukrayna və Moldovanın bəzi vətəndaşlarının Ukrayna və Konqo Demokratik Respublikasında döyüşlərdə iştirakını sübut edən video və foto materiallar toplandığını da bildirir.

Moldova və Ukrayna prokurorları reydlərin keçirildiyini mətbuat açıqlamalarında təsdiqləyiblər.

Europol-un iddia olunan hərbi cinayətlərdə şübhəli saydığı 654 nəfərdən neçəsinin həbs olunduğu və ya harada olduqları bəlli deyil.

Ukrayna hakimiyyəti istintaqın gedişində Europol-un təhlükəsiz kanalları vasitəsilə 280 xarici vətəndaşın adlarını müvafiq ölkələrlə bölüşüb. Onlar döyüş əməliyyatlarında iştirakda şübhəli bilinirlər. Bu günə qədər 11 Ukrayna vətəndaşı “Vaqner” və “Redut” birləşmələrinə qoşulduqlarına görə dövlətə xəyanət ittihamı ilə məhkəməyə verilib.

AzadlıqRadiosu Azərbaycanda müvafiq rəsmi orqanlardan məsələyə münasibət almağa çalışır.

Rusiya 2022-ci ilin fevralından Ukraynada təcavüzkar müharibəyə başlayıb. Muzdluları Suriya, Livan və Ukrayna da daxil olmaqla müxtəlif ölkələrə göndərilən "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin 2023-cü ildə qiyamdan iki ay sonra təyyarə qəzasında həlak olub. Təhlilçilər "Redut"un "Vaqner"in potensial əvəzedicisi kimi yaradıldığını bildirirlər. AzadlıqRadiosunun iki il öncə apardığı araşdırma Redut muzdlular şəbəkəsini Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinin dəstəklədiyini üzə çıxarıb.