Yerevanda ABŞ ilə 'Tramp yolu' danışıqları olmalıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?

Yaxın vaxtlarda Ermənistan ABŞ ilə danışıqlar, o cümlədən "Tramp yolu" (TRIPP) ilə bağlı müzakirə aparacaq. Bunu AzadlıqRadiosunun erməni xidmətinə Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib. Onun sözlərinə görə, amerikalı tərəfdaşların Yerevana səfəri və keçirilən müzakirələr haqda məlumat uyğun vaxtda veriləcək.

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni də paraflanıb. İmzalanan bəyannamədə isə Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq TRIPP marşrutundan söz açılır. Bu xəttin Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

"Tramp yolu"nun detalları indilik qeyri-müəyyən olaraq qalır. ABŞ prezidenti bu layihədə Amerikanın 99 il ərzində iştirakından danışmışdı. Amma Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri sonradan 99 illik icarə üzrə razılaşmanın mövcud olmadığını bildiriblər. Paşinyan sonuncu brifinqində deyib ki, Vaşinqtonda əldə olunmuş razılaşmaların müzakirələrinə sentyabrda ABŞ və Azərbaycan ilə başlanacaq.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.