Ermənistan parlamentinin spikeri 2020-ci ilin 44 günlük Qarabağ müharibəsi ilə bağlı parlament istintaqının nəticələrini rəsmən məxfi elan edib. AzadlıqRadiosunun erməni xidməti spiker Alen Simonyanın parlamentdə müzakirəni gözlənilmədən əngəllədiyini yazır.
Hakimiyyət tərəfdarı olan çoxluq 2022-ci ilin fevralında Milli Məclisdə xüsusi bir komissiya yaradıb. Məqsəd Ermənistanın müharibədə məğlubiyyət səbəblərini araşdırmaq, hökumətin və ordunun fəaliyyətini qiymətləndirmək, döyüşlərdən öncə milli müdafiə sahəsində görülən tədbirləri təhlil etmək idi. Müxalifət deputatları bu komissiyanı boykot edərək bildiriblər ki, onun əsas məqsədi baş nazir Nikol Paşinyanın müharibə dövründəki səriştəsizliyini və uğursuz qərarlarını ört-basdır etməkdir.
Komissiyanın sədri Andranik Koçaryan bir aydan çoxdur hesabatı Simonyana təqdim edib. Sənədin əsas hissəsinin sentyabrın sonunda parlamentin iclasında açıqlanacağı və müzakirə olunacağı gözlənilirdi. Ancaq Simonyan deyib ki, komissiya fəaliyyətinə qoyulmuş 18 aylıq hüquqi müddəti pozub. Koçaryan isə bu iddianı qəti rədd edib, hesabatın parlament gündəliyinə salınmasında israr edib.
Qapalı dinləmə də keçirilməyib
Simonyan ötən həftə "Azatutyun"a deyib ki, Koçaryan hesabatı qapalı parlament dinləməsində təqdim edə bilər.
Simonyanın sözçüsü Movses Harutyunyanın oktyabrın 6-da dediyinə görə, hesabat parlamentin məxfi sənədlərlə məşğul olan bölməsinə təqdim olunub. Təhlükəsizlik icazəsi olan istənilən deputat həmin sənədi orada oxuya bilər. Koçaryan bu açıqlamaya münasibət bildirməyib.
Parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komitəsinin müxalif üzvləri bildiriblər ki, hesabatın obyektiv olmadığını düşünsələr də, onunla tanış olmaq üçün rəsmi müraciət edəcəklər. Onlardan biri Qeğam Manukyan iddia edib ki, Koçaryana hesabatı parlamentdə təqdim etməyə icazə verilməyib, çünki o belə, Paşinyanı "mələk" kimi göstərməyi və müharibədəki səhvləri ört-basdır etməyi bacarmayıb.
Bəzi şərhçilərin mövqeyincə, Paşinyan müharibədəki fəaliyyətinin yenidən ictimai müzakirəyə çıxarılmasını istəmir, baxmayaraq ki Koçaryanın rəhbərlik etdiyi komissiyanın onu təmizə çıxardığı ehtimalı böyükdür. 44 günlük müharibədə azı 3 min 800 erməni hərbçisi həlak olub.
Azərbaycan isə həmin müharibədə 3 minə yaxın hərbçi itirib.
- Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
- Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.