Əliyev Paşinyan ilə görüşüb

Nikol Paşinyan və İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammiti çərçivəsində gerçəkləşib.

Hələlik, görüşün detalları açıqlanmır.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər bu iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedir. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ-ın vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.

Məhəmməd Şahbaz Şərif və İlham Əliyev

Çində Azərbaycan və Pakistan liderləri görüşüb

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistan Pakistan münaqişəsi zamanı Azərbaycanın onlara göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib.

Xəbərdə vurğulandığına görə, Əliyev ölkəsinin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. O, bunun ölkəsi üçün heç bir əhəmiyyət daşımadığını əlavə edib.

Prezident Əliyevin bu fikirlərinə Hindistanın Azərbaycandakı səfirliyindən və bu ölkənin başqa rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın Kəşmir məsələsində Pakistanı müdafiə etməsi Hindistanda daim tənqidlərə səbəb olub. Onlar rəsmi Bakını birtərəfli olmaqda günahlandırıblar, hətta Azərbaycana qarşı boykot çağırışları da səslənib.

Ötən əsrin ortalarından başlayaraq Hindistan və Pakistan arasında fasilələrlə gərginliklər var. Xüsusilə Kəşmir məsələsi onlar arasında fikir ayrılıqları yaradıb. Kəşmir vilayətinin qərb hissəsi Pakistanın, qalan daha böyük hissəsi isə Hindistanın tərkibindədir.

Azərbaycan prezidenti avqustun 30-da Çinə işgüzar səfərə gedib. Avqustun 31-dən sentyabrın 1-nə kimi Çinin şimalında, Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Azərbaycan ŞƏT-in üzvü olmasa da onunla əməkdaşlıq edir.

Ararat Mirzoyan və Məhəmməd İshaq Dar

Ermənistan və Pakistan diplomatik münasibətlər qurublar

Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat MirzoyanMəhəmməd İshaq Dar Çində iki ölkənin diplomatik münasibətlər qurmasına dair birgə kommünike imzalayıblar. Bu barədə avqustun 31-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kommünikenin imzalanması ilə Ermənistan və Pakistan rəsmi olaraq diplomatik münasibətlər qurmuş sayılırlar.

Ermənistan XİN qeyd edir ki, iki ölkənin hökumətləri BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə sadiqlik olduqlarını bildiriblər. Bu isə suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzdən çəkinmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayış prinsipləri əsasında mümkün olacaq.

Ermənistan və Pakistan hökumətləri diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndə mübadiləsi aparmaq, bir-birinə zəruri dəstək göstərmək barədə razılığa gəliblər.

Pakistan Azərbaycanın yaxın müttəfiqlərdən və silah tədarükçülərindən biridir. 44 günlük müharibə zamanı Ermənistan Pakistanı Azərbaycanı dəstəkləməkdə ittiham edib. Yerevan Pakistanla Hindistan arasında Kəşmir münaqişəsində rəsmi olaraq Nyu-Dehlini dəstəkləyir. Hindistan həm də Ermənistana silah tədarük edən əsas ölkələrdən biridir.