Heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyevin saxlandığı deyilir

Elxan Mirzəyev "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündəki aksiyada (Arxiv)

Oktyabrın 1-də axşam saatlarında heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyevi yaşadığı Lerik rayonu, Günəşli kəndindəki evindən yeddi-səkkiz mülkigeyimli şəxsin apardığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Nuridə Mirzəyevə AzadlıqRadiosuna danışıb. N. Mirzəyevanın sözlərinə görə, özünü polis kimi təqdim edən 7-8 mülki geyimli şəxs yaşadıqları evə gələrək həyat yoldaşını harasa aparıb və aidiyyatı qurumlardan hələ də əri haqda açıqlama ala bilmir.

“Evi və həyəti çəkdilər, imkan vermədilər həyat yoldaşımla danışmağa. Mənim də telefonumu aldılar. Oktyabrın 1-dən bu tərəfə - 60 saatdan çoxdu heç kim də harada olduğunu demir”.

Daxili İşlər Nazirliyi bununla bağlı sorğumuzu qəbul etsə də, cavabsız qoyub.
E.Mirzəyev 10 ildən çoxdur heyvan hüquqlarının müdafiəçisi kimi çıxış edir. Hətta o və daha bir neçə şəxs sahibsiz itlərin küçələrdə güllələnməsi şikayəti ilə Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası da qaldırmışdılar.

Habelə onlar saxlanc yerlərində itlərə işgəncə verilməsinə dair açıqlamalar vermişdilər və sonradan bu onlara qarşı iddiaların qaldırılmasına səbəb olmuşdu.

Nəticədə 2017-ci ildə həmin ictimai fəallar mühakimə edildi. "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin işçilərinin şikayəti əsasında Elxan Mirzəyev, Nicat İsmayılov, Aynur Babazadə İlhamə Nəsirova haqqında ittiham hökmü çıxarıldı. Onlar böhtan və təhqirdə suçlu sayılaraq hər biri min manatdan 2 min manata qədər cərimələndi.

İctimai fəallar isə özlərini təqsirli bilmir, məhkəmə iddiasının da, çıxarılmış hökmün də sifarişli olduğunu deyirdilər.